Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq
Bakı, 14 oktyabr, AZƏRTAC
Bu il Laçın və Zəngilan rayonlarında “Səyyar Gənclər Xidməti” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, fond beynəlxalq əməkdaşlıq çərçivəsində “Enactus” müsabiqəsinin ölkəmizdə keçirilməsinin əsas tərəfdaşlarındandır: “Ötən il biz təşəbbüs irəli sürdük ki, Qarabağ Universiteti də bu yarışda iştirak etsin və onlar üçün təcrübə imkanları yaratdıq. Nəticədə, Qarabağ Universiteti həmin yarışın Azərbaycan üzrə qalibi oldu. Əldə olunan uğurun davamı olaraq Qarabağ Universitetinin tələbələri Taylandda təşkil olunmuş dünya çempionatında ölkəmizi və doğma Qarabağı layiqincə təmsil ediblər”.
Yusif Vəliyev əlavə edib ki, əvvəllər yalnız Xankəndi şəhərində təşkil olunan “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti mərhələdə digər tərəfdaş qurumlarla birlikdə genişləndirilməsi planlaşdırılır.