Çingiz Abdullayev “Neftçi”nin Ukraynadakı azarkeş klubunun fəxri prezidenti seçilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Xalq yazıçısı, tanınmış ictimai xadim və detektiv janrının ustadı Çingiz Abdullayev “Neftçi” futbol komandasının Ukraynada fəaliyyət göstərən azarkeş klubunun fəxri prezidenti statusuna layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu qərar həmin ölkədə yaşayan Azərbaycan diasporunun və futbol azarkeşlərinin yazıçının çoxillik fəaliyyətinə və yerli idmana göstərdiyi dəstəyə olan yüksək ehtiramının təzahürü olub.
O, yalnız komandanın sadiq azarkeşi olaraq qalmayıb, həm də vaxtilə “Neftçi”nin Müşahidə Şurasına rəhbərlik edərək klubun inkişafına birbaşa töhfə verib.
Ukraynadakı “Neftçi” azarkeş klubunun prezidenti Elmar Məmmədov və nümayəndələr qeyd ediblər ki, Çingiz Abdullayevin birliyin fəxri prezidenti seçilməsi idman və mədəni əlaqələri möhkəmləndirir, həmçinin xaricdə yaşayan həmyerlilərimiz arasında Azərbaycan futbolunun təbliğinə xidmət edir.
Öz növbəsində Çingiz Abdullayev göstərilən etimada görə azarkeş klubunun prezidenti Elmar Məmmədov və üzvlərə minnətdarlığını bildirib, “Neftçi”nin hər zaman milli futbolun rəmzi olduğunu və dünyanın dörd bir yanındakı azərbaycanlıları birləşdirdiyini vurğulayıb.