Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Tikinti sektorunda dayanıqlı inkişaf və yaşıl transformasiya məsələləri müasir dövrdə qlobal miqyasda hər bir ölkənin gündəliyində duran əsas prioritetlərdəndir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri zamanı da ekoloji tələblərin qorunması və müasir standartların tətbiqi xüsusi diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dayanıqlı inkişaf üzrə ekspert Fəraim Əkbərov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Ekoloji cəhətdən təmiz tikinti materialları və enerjiyə qənaət edən həllər” mövzusundakı innovasiya sessiyasında deyib.
O bildirib ki, dövrün və zamanın tələblərinə uyğun olaraq tikinti sektorunda da daimi innovasiyalar baş verir və mövcud tələblərin qarşılanması həm investorlar, həm də sakinlər üçün mühüm əhəmiyyət daşıyır.
“COP29 çərçivəsində ölkəmizdə ekologiya ilə bağlı qlobal səviyyədə böyük tədbirlər keçirilib və sənaye tullantılarının azaldılması, karbon emissiyalarının tənzimlənməsi istiqamətində konkret addımlar atılıb. Tikinti materiallarının, xüsusilə sementin istehsalı zamanı ekologiya dostu metodların tətbiqi, alternativ yanacaq və xammaldan istifadə olunması, həmçinin enerji səmərəliliyinin artırılması əsas şərtlərdəndir”, - deyə o qeyd edib.
Ekspert əlavə edib ki, tikinti layihələrinin həyata keçirilməsi prosesində təkcə istehsal mərhələsi deyil, həm də binaların istismarı və sonrakı dövrlərdə ətraf mühitin qorunması kompleks şəkildə təmin edilməlidir: “Bu baxımdan binalarda enerji səmərəliliyinin yüksəldilməsi, alternativ enerjilərdən istifadə və istilik itkilərinin minimuma endirilməsi qarşıda duran mühüm vəzifələrdəndir”.