Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Tikinti sektorunda innovativ materialların tətbiqi, memarlığın yeni istiqamətləri və ekoloji dayanıqlılığın təmin olunması qarşıda duran mühüm vəzifələrdəndir. Xüsusilə yeni tikinti materiallarının yaradılması zamanı müasir standartlara və ətraf mühitin qorunması tələblərinə ciddi əməl edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Mühəndislik Universitetinin “Memarlıq və inşaat” fakültəsinin “Dizayn” kafedrasının dosenti Yasin Xəlilov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “İnşaatın gələcəyi: İnnovasiya və yeni trendlər” mövzusundakı panel müzakirəsində deyib.
O qeyd edib ki, müasir dövrdə memarlıq və dizayn sahəsində mühüm dəyişikliklər baş verir, parametrik memarlıq, biomimikriya və skirin-memarlıq kimi yeni istiqamətlər formalaşır.
“Yeni tikinti materiallarının hazırlanması prosesində bazar araşdırmalarından sonra onların ekoloji tələblərə cavab verməsi, karbon emissiyasının azaldılması və səmərəliliyin artırılması əsas şərtlərdən biridir. Tikinti məhsullarının istehsalından tutmuş son istifadəsinə qədər bütün mərhələlərdə ekoloji dostu yanaşmalar tətbiq edilməli, xammal seçimində zərərli tullantıların minimuma endirilməsinə diqqət yetirilməlidir. Eyni zamanda, binalarda enerji səmərəliliyinin artırılması və yaşıl texnologiyaların tətbiqi tikinti sektorunun dayanıqlı inkişafına mühüm töhfə verir”, - deyə o bildirib.