Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər
Qobustan, 15 oktyabr, AZƏRTAC
Qobustan rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı, YAP Qobustan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, partiya fəalları, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin icrasının, rayonda sosial-iqtisadi layihələrin davam etdirilməsinin və vətəndaş məmnunluğunun təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov çıxışında milli-mənəvi dəyərlərin qorunmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların rolundan danışıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan Təhsil sektorunun müdiri Anar Osmanov və təhsil müəssisələrinin rəhbərləri məktəblərdə dövlət atributlarına ehtiramın artırılması, tarixi Zəfərin gənc nəslə aşılanması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Şəhid atası Hacı Arif Vəliyev və Vətən müharibəsi qazisi Ramin Rəcəbli şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışaraq milli həmrəyliyin və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Müşavirənin sonunda qurultayın qərarlarından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Müxbir- Rəşad Türkoğlu