AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə vahid geyim qaydalarının tətbiqi, təhsil mühitində nizam-intizamın qorunması və təhsilalanların hüquqlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, məktəblərdə geyim qaydalarına təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmalıdır. Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, həm də uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və bütün təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.
AGMA hesab edir ki, məktəblərdə geyim qaydalarının düzgün tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır.
Məktəb rəhbərləri və müəllimlər geyim qaydalarının izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri və məsələyə qüvvədə olan normativ-hüquqi aktların tələbləri əsasında yanaşmaları vacibdir.
Bəyanatda müəllimlərin peşəkar davranışının və xarici görünüşünün məktəbdə formalaşan ümumi mühitin mühüm tərkib hissəsi olduğu da vurğulanıb.
Qeyd edilib ki, müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə şagirdlərə nümunə olmalı, peşəkar mövqeyini nümayiş etdirməlidir.
AGMA məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunmasının vacibliyini bir daha bəyan edib. Assosiasiya bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışının, qarşılıqlı hörmətinin və əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.