Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 6 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 3 tüfəng, 1 patron darağı və 100 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər də saxlanılıb.