Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər
Bakı, 15 oktyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, Səudiyyə Ərəbistanındakı proseslər potensial olaraq “hər yerdə, hər kəs üçün mənfi təsirlərə” səbəb ola bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, çərşənbə günü Banqkokda keçirilən BVF və Dünya Bankı Qrupunun 2026-cı il İllik toplantıları çərçivəsində təşkil olunan brifinqdə çıxış edən Georgiyeva Səudiyyə Ərəbistanı və Körfəzin ərəb ölkələrinin münaqişədən əvvəl və sonra iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki səylərinə və qeyri-neft sektorundakı iqtisadi artıma diqqət çəkib. “Bu, hakimiyyət orqanlarına və Körfəz xalqlarına hazırda böyük fayda gətirən bir təhlükəsizlik yastığı yaratdı”, - deyə o vurğulayıb.
Bu ayın əvvəlində Georgiyeva bildirmişdi ki, regional müharibə bölgədəki iqtisadi artım tempinin əks istiqamətdə dəyişməsində ciddi rol oynayıb. KƏŞ-ə üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iştirak etdiyi son görüşdə çıxış edən BVF rəhbəri qeyd edib: “Hörmüz boğazının faktiki olaraq bağlanması və hazırda Qırmızı dənizdəki pozuntular neft-qaz ixracını kəskin şəkildə azaldıb; enerji infrastrukturlarına dəyən ziyan istehsal gücünü aşağı salıb; qeyri-karbohidrogen fəaliyyəti isə ticarətin azalması, biznes inamının zəifləməsi və zəruri malların qiymətlərinin artması səbəbindən məhdudlaşıb”.
BVF təsdiqləyib ki, Səudiyyə Ərəbistanı iqtisadiyyatı, təchizat zəncirinin və nəqliyyat pozuntularının təsirini azaltmağa kömək edən şaxələndirilmiş enerji ixrac marşrutları sayəsində regiondakı bəzi digər iqtisadiyyatlara nisbətən geosiyasi qeyri-sabitliyə daha davamlıdır. Fondun hesabatında, həmçinin Krallığın inflyasiya səviyyəsinin 2025-ci ildəki 2 faizlə müqayisədə bu il 1,9 faizə düşəcəyi, 2027-ci ildə isə 2,2 faizə yüksələcəyi proqnozlaşdırılır.