Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan “Sənətə həsr olunmuş ömür” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin görkəmli incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil olunub.
Yubiley gecəsində əvvəlcə Mədəniyyət Nazirliyi adından təbrik məktubu oxunub.
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Vətən müharibəsi iştirakçısı Aydın Əliyev görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən, sənətə sədaqətindən və Vətənə sevgisindən bəhs ediblər.
Gecədə Xalq artistləri - Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva tərəfindən musiqi nömrələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.
Xalq artistinin çıxış etdiyi “Aydın”, “Solğun çiçəklər”, “Göytürklər”, “Hələ sevirəm deməmişdilər”, “Pəncərədə işıq”, “Xurşidbanu Natəvan”, “Kral Lir” tamaşalarından məşhur dialoqlar və “Cavad xan” filmindən fraqment nümayiş olunub.