Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Babək Rayon Mədəniyyət Sarayında Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov bildirib ki, oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkəmizin gələcək inkişafının siyasi-strateji istiqamətlərini müəyyənləşdirib. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir. Güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət, savadlı və vətənpərvər gənclik Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.
Sonra şəhid Şükür Hacıyevin anası Fatma Şükürlü, Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə və Babək Rayon Mərkəzi Xəstəxanasının direktoru Sultan Mirzəliyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil və səhiyyə sahələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqi ölkəmizin keçdiyi inkişaf yolunu ümumiləşdirməklə yanaşı, qarşıdakı dövrün strateji vəzifələrini də müəyyənləşdirib. O vurğulayıb ki, əldə olunan nailiyyətlərin qorunması, müstəqilliyin daha da möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi və iqtisadi inkişafın davam etdirilməsi hər bir sahədə məsuliyyətli fəaliyyət tələb edir. Qeyd olunub ki, Azərbaycanın dövlətçilik strategiyasının uğurla davam etdirilməsi təhlükəsizlik tədbirləri ilə yanaşı, iqtisadi müstəqilliyin gücləndirilməsini, insan kapitalının inkişafını, təhsilin keyfiyyətinin yüksəldilməsini və dövlət institutlarının səmərəliliyinin artırılmasını da zəruri edir. Bu baxımdan Naxçıvanın davamlı sosial-iqtisadi inkişafı ümummilli hədəflərin mühüm tərkib hissəsidir.
Samir Seyidəhmədli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” bölgənin inkişafı üçün sistemli çərçivə müəyyənləşdirib. Proqramın məqsədi yalnız infrastrukturun yenilənməsi deyil, həm də iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, özəl sektorun genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yaxşılaşdırılmasıdır.
Bildirilib ki, 2026-cı ilin yanvar–sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsulun həcmi 1 milyard 341 milyon manat təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artıb. Sənaye məhsulunun həcmi 411,6 milyon manat olmaqla 7,2 faiz, kənd təsərrüfatı məhsulunun həcmi isə 318,9 milyon manat olmaqla 4,7 faiz yüksəlib. Əsas kapitala yönəldilən investisiyaların həcmi 238,2 milyon manata çatıb, real artım 37,4 faiz təşkil edib. Nəqliyyat və anbar təsərrüfatı xidmətlərində də 17,4 faizlik artım qeydə alınıb.
Səlahiyyətli nümayəndənin müavini vurğulayıb ki, bu göstəricilər iqtisadiyyatda müsbət dinamikanın formalaşdığını göstərir. Bununla yanaşı, əsas məqsəd investisiyaların yeni istehsal sahələrinin yaradılmasına, dayanıqlı məşğulluğun təmin olunmasına və iqtisadi dəyərin artmasına xidmət etməsidir. 2023-cü ildən 2026-cı il iyulun 1-dək muxtar respublikada 4 min 797 yeni iş yerinin açılması, 359 istehsal və xidmət sahəsinin yaradılmasının başa çatdırılması, 342 sahibkarlıq layihəsinə 27,2 milyon manat güzəştli kreditin verilməsi bu istiqamətdə görülən işlərin mühüm nəticələrindəndir.
Samir Seyidəhmədli Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsait ayrılmasının nəzərdə tutulmasının əhəmiyyətini də qeyd edib. Bildirilib ki, vəsait enerji və yol infrastrukturunun inkişafı, ictimai nəqliyyatın yenilənməsi, məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yaşayış binalarının və istilik təsərrüfatının təmiri, Naxçıvan Dövlət Universitetinin infrastrukturunun gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir.
Qeyd olunub ki, ümumi uzunluğu 420 kilometr olan yolların əsaslı təmiri, su təminatının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli istifadə istiqamətində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu layihələr kəndlərlə şəhər və rayon mərkəzləri arasında əlaqələrin yaxşılaşdırılması, kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Səlahiyyətli nümayəndənin müavini vurğulayıb ki, ayrılan vəsaitlərin səmərəli istifadəsi, layihələrin vaxtında və keyfiyyətlə icrası, görülən işlərin nəticələrinin düzgün qiymətləndirilməsi əsas vəzifələrdəndir. Dövlət investisiyalarının effektivliyi yalnız həyata keçirilən layihələrin sayı ilə deyil, onların vətəndaşların gündəlik həyatına, məşğulluğa və iqtisadi fəallığa təsiri ilə ölçülməlidir.
Samir Seyidəhmədli vətəndaş müraciətlərinin həllinin də idarəetmədə mühüm yer tutduğunu qeyd edərək, xüsusilə kəndlərdə içməli və suvarma suyu, yol, məşğulluq və sosial xidmətlərlə bağlı ehtiyacların yerində öyrənilməsinin, aidiyyəti qurumlarla birgə real həll yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Çıxışda milli və ideoloji təhlükəsizlik məsələlərinə də toxunulub. Bildirilib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin tənqidi düşünmə, məlumatları təhlil etmə və etibarlı mənbələri fərqləndirmə bacarıqlarının formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Vətənpərvər gəncliyin yetişdirilməsi, milli dəyərlərə bağlılığın gücləndirilməsi, müasir bilik və texnologiyalara yiyələnmiş vətəndaşların formalaşdırılması müəllimlərin, ziyalıların, ailələrin və bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Sonda vurğulanıb ki, Naxçıvanın qarşısında açılan inkişaf perspektivlərinin reallaşdırılması dövlət qurumlarının, sahibkarların və ictimaiyyətin səylərinin ümumi məqsədlər ətrafında birləşdirilməsini, mövcud imkanlardan səmərəli istifadə olunmasını tələb edir. Əsas məqsəd yeni inkişaf mərhələsinin yalnız iştirakçısı olmaq deyil, bu inkişafın fəal qurucusuna çevrilmək, bölgənin potensialını ölkəmizin tərəqqisinə yönəltməkdir.
Müxbir - Nail Əsgərov