AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL
Bakı, 15 oktyabr, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin dərinləşməsi, regional münaqişələrin genişlənməsi, təhlükəsizlik təhdidlərinin mürəkkəbləşməsi və qlobal iqtisadi əlaqələrin yeni çağırışlarla üzləşməsi dövlətlər arasında etimadın möhkəmləndirilməsini və çoxtərəfli əməkdaşlığın gücləndirilməsini daha da aktuallaşdırır. Belə bir şəraitdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platforma kimi çıxış edir. Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır. Asiyanın qlobal iqtisadiyyat, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və texnoloji inkişaf proseslərində artan rolu AQEM-in əhəmiyyətini daha da yüksəldir. Müxtəlif maraqların və mövqelərin təmsil olunduğu belə bir mühitdə əsas məsələ yalnız dövlətləri vahid platformada birləşdirmək deyil, həm də həmin birliyi konkret nəticələrə, davamlı əməkdaşlıq mexanizmlərinə və ortaq fəaliyyət istiqamətlərinə çevirməkdir.
Azərbaycanın 2024-cü ilin dekabrında AQEM-ə sədrliyə başlaması məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında həyata keçirərək təşkilatın institusional potensialının artırılmasını, mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini və beynəlxalq əlaqələrinin genişləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirib. Bu yanaşma AQEM-in ənənəvi dialoq platforması statusundan daha səmərəli, nəticəyönümlü və davamlı fəaliyyət imkanlarına malik beynəlxalq təsisata çevrilməsi istiqamətində mühüm addımların atılmasına şərait yaradıb.
AZƏRTAC AQEM-in fəaliyyətinin əsas istiqamətləri, Azərbaycanın təşkilat çərçivəsində artan rolu və ölkəmizin sədrliyi dövründə həyata keçirilən təşəbbüslərə nəzər salır.
Azərbaycanın sədrliyinin əsas xüsusiyyəti institusional inkişafla praktiki əməkdaşlığın paralel şəkildə təşviq edilməsidir. Bir tərəfdən, təşkilatın idarəetmə və fəaliyyət mexanizmlərinin möhkəmləndirilməsi istiqamətində addımlar atılıb, digər tərəfdən, qadınların və gənclərin imkanlarının genişləndirilməsi, təhsil, maliyyə, biznes, nəqliyyat, media və elmi əməkdaşlıq kimi sahələrdə yeni təşəbbüslər irəli sürülüb. Bu, AQEM-in fəaliyyət dairəsinin genişlənməsinə, üzv dövlətlərin təşkilatla qarşılıqlı əlaqələrinin intensivləşməsinə və əməkdaşlığın konkret sahələr üzrə dərinləşməsinə xidmət edir.
İnstitusional inkişaf və beynəlxalq təşkilata çevrilmə istiqamətində mühüm addımlar
Azərbaycan sədrliyinin prioritetlərindən biri AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.
Bu baxımdan, AQEM-in İmtiyaz və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün zəruri ratifikasiya sayına Azərbaycan sədrliyi dövründə nail olunması xüsusi əhəmiyyət kəsb edir. 2010-cu ildə imzalanan bu sənədin qüvvəyə minməsi təşkilatın beynəlxalq hüquqi statusunun möhkəmləndirilməsi və fəaliyyətinin hüquqi əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələdir. Bu nəticə AQEM-in yalnız siyasi məsləhətləşmələr aparılan platforma kimi deyil, institusional imkanlarını genişləndirən beynəlxalq təsisat kimi inkişafına töhfə verir.
Azərbaycan sədrliyinin digər mühüm istiqaməti AQEM-in məşvərətçi orqanlarının fəaliyyətinin canlandırılması və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Bu yanaşma üzv dövlətlərin müxtəlif sahələr üzrə maraqlarını daha sistemli şəkildə ifadə etməsinə, ortaq problemlərin müzakirə olunmasına və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirməsinə imkan yaradır.
AQEM Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni məşvərətçi mexanizmlər təşkilatın fəaliyyətində tematik əməkdaşlığın genişləndirilməsinə, müxtəlif sahələrdə mövcud potensialın səfərbər olunmasına və üzv dövlətlər arasında daha məqsədyönlü qarşılıqlı fəaliyyətin qurulmasına xidmət edir.
Astana şəhərində AQEM-in yeni qərargahının açılması da institusional inkişafın mühüm istiqamətlərindən biridir. Qərargahda Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli ornamentlərlə bəzədilmiş otağın yaradılması, eləcə də binanın qarşısında Qarabağ Atının heykəlinin qoyulması ölkəmizin təşkilat daxilində mədəni və simvolik təmsilçiliyinin gücləndirilməsi baxımından əlamətdardır. Bu təşəbbüslər Azərbaycanın AQEM çərçivəsində yalnız siyasi və institusional deyil, həm də mədəni əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir.
Qadınların və gənclərin imkanlarının genişləndirilməsi - Əməkdaşlığın sosial ölçüsü
Azərbaycan sədrliyinin mühüm nəticələrindən biri AQEM Qadınlar Şurasının yaradılmasıdır. Qadınların iqtisadi, sosial və ictimai həyatda iştirakının genişləndirilməsi, onların qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsi və gender bərabərliyinin təşviqi müasir dayanıqlı inkişaf gündəliyinin əsas istiqamətlərindəndir. Bu məsələlərin AQEM çərçivəsində ayrıca institusional mexanizm vasitəsilə müzakirəyə çıxarılması təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Azərbaycanın təşəbbüsü ilə Şuranın Nizamnaməsinin hazırlanması və üzv dövlətlərlə razılaşdırılması bu istiqamətdə atılan konkret addımdır. Şuranın ilk iclasının 2026-cı il aprelin 14-də ildə Bakıda “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilməsi təşəbbüsün praktiki müstəviyə keçdiyini göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tədbirin açılış mərasimində çıxışı və BMT Baş Katibinin müavini, BMT Qadınlar Təşkilatının icraçı direktoru Sima Sami Bahusun tədbirə müraciət ünvanlaması təşəbbüsün beynəlxalq gündəliklə əlaqəsini gücləndirən mühüm məqamlardır. Qadınlar Şurasının mandatının BMT Qadınlar Təşkilatının məqsədləri ilə uzlaşması onun gələcək fəaliyyətində beynəlxalq təcrübədən istifadə və tərəfdaşlıq imkanlarının mövcudluğunu göstərir.
Bu təşəbbüsün əhəmiyyəti yalnız yeni qurumun yaradılması ilə məhdudlaşmır. Əsas məsələ qadınların təhsil, sahibkarlıq, innovasiya, məşğulluq və ictimai idarəetmə sahələrində iştirakının artırılmasına yönəlmiş konkret fəaliyyətlərin təşviqidir. Şuranın gələcək fəaliyyəti çərçivəsində üzv dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, ortaq layihələrin hazırlanması və qadınların iqtisadi imkanlarının artırılması AQEM-in dayanıqlı inkişaf gündəliyinə əlavə töhfə verə bilər.
Gənclərlə iş də Azərbaycan sədrliyinin prioritetləri sırasında yer alıb. Gənclərin regionda etimadın möhkəmləndirilməsi, sülhün və əməkdaşlığın təşviqi, eləcə də dövlətlər arasında qarşılıqlı anlaşmanın formalaşdırılmasında rolu nəzərə alınaraq, AQEM Gənclər Şurasının fəaliyyətinə xüsusi diqqət yetirilib. Azərbaycanın 8-ci və 9-cu AQEM Gənclər Şurasına ev sahibliyi etməsi, müzakirələrin konkret tövsiyələri əks etdirən sənədlərlə yekunlaşması bu istiqamətdə əməkdaşlığın ardıcıl xarakter daşıdığını göstərir.
Gənc iştirakçıların Şuşa şəhərinə səfəri və Qarabağın mədəni irsi ilə tanışlığı isə mədəniyyətlərarası dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyətlidir. Bu cür təşəbbüslər gənclərin yalnız regional məsələlər ətrafında müzakirələr aparmasına deyil, həm də müxtəlif xalqların tarixi və mədəni irsini yaxından tanımasına imkan yaradır.
Azərbaycanın könüllülük sahəsində təcrübəsinin BMT-nin Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun çərçivəsində təqdim edilməsi və BMT Baş Qərargahında təşkil olunan foto-sərgidə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə könüllülərin fəaliyyətinin nümayişi də bu istiqamətdə görülən işlərin beynəlxalq səviyyədə tanıdılması baxımından diqqətəlayiqdir. Könüllülük təcrübəsinin paylaşılması gənclərin ictimai fəallığının təşviqi və iri beynəlxalq tədbirlərin təşkilində insan kapitalının rolunun nümayiş etdirilməsi üçün mühüm imkan yaradır.
Azərbaycan sədrliyinin diqqət yetirdiyi istiqamətlərdən biri də ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsidir. AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması təşkilatın əməkdaşlıq gündəliyinə akademik və elmi mübadiləni daxil edən mühüm təşəbbüsdür. ADA Universitetinin sədrliyi ilə fəaliyyət göstərən Şəbəkə üzv dövlətlərin ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasını, bilik və təcrübə mübadiləsini, elmi tədqiqatların təşviqini hədəfləyir.
Müasir dövrdə rəqəmsallaşma, süni intellekt, yaşıl enerji və innovasiyalar iqtisadi inkişafın əsas amillərinə çevrilib. Bu sahələrdə insan kapitalının hazırlanması və universitetlərin tədqiqat potensialının gücləndirilməsi dövlətlərin rəqabət qabiliyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu kontekstdə AQEM Universitetlər Şəbəkəsinin fəaliyyəti üzv dövlətlər arasında elmi əməkdaşlığın genişləndirilməsi və ortaq çağırışlara akademik yanaşmaların hazırlanması üçün platforma rolunu oynaya bilər.
Bakı şəhərində “Təhsil müəssisələrinin yaşıl enerji və dayanıqlılıqda rolu” mövzusunda keçirilən tədbir, eləcə də ADA Universitetinin təşkil etdiyi rəqəmsallaşma və tədqiqat potensialının artırılması təlimi Şəbəkənin fəaliyyətinin praktiki məzmununu göstərir. Belə təşəbbüslər ali təhsil müəssisələrinin yalnız tədris mərkəzləri kimi deyil, həm də innovasiya, texnoloji inkişaf və dayanıqlı həllərin hazırlanmasında iştirak edən mühüm tərəfdaşlar kimi rolunu ön plana çıxarır.
Bu istiqamətdə əldə olunan nəticələrin uzunmüddətli təsiri Şəbəkənin fəaliyyətinin davamlılığından, birgə tədqiqatların sayından, akademik mübadilənin intensivliyindən və yaradılan əlaqələrin konkret layihələrə çevrilməsindən asılı olacaq. Başqa sözlə, qurulmuş platforma AQEM daxilində bilik iqtisadiyyatının inkişafına xidmət edən əməkdaşlıq mexanizminə çevrilmək potensialına malikdir.
İqtisadi əməkdaşlıq, biznes və maliyyə dialoqunun genişləndirilməsi
AQEM-in regional əməkdaşlıq potensialının reallaşdırılması iqtisadi əlaqələrin inkişafı və biznes dairələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə birbaşa bağlıdır. Asiya dövlətləri dünya ticarəti, enerji bazarları, istehsal zəncirləri və nəqliyyat bağlantıları baxımından mühüm mövqeyə malikdir. Bununla belə iqtisadi imkanların tam reallaşdırılması üçün dövlətlər arasında etimad və investisiya mühitinin yaxşılaşdırılması, özəl sektorun qarşılıqlı əlaqələrinin genişləndirilməsi vacibdir.
Azərbaycanın 2025-ci il mayın 20-də Bakıda AQEM Biznes Şurasının iclasını təşkil etməsi bu baxımdan mühüm addım olub. Tədbir üzv dövlətlərin biznes nümayəndələrini bir araya gətirərək sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün şərait yaradıb.
Maliyyə Sammitinin yaradılması isə iqtisadi əməkdaşlığın institusional çərçivəsinin genişləndirilməsinə xidmət edib. Maliyyə sahəsində dialoqun gücləndirilməsi investisiyaların təşviqi, iqtisadi dayanıqlılıq, inkişafın maliyyələşdirilməsi və regional iqtisadi əlaqələrin dərinləşdirilməsi kimi məsələlərin daha sistemli şəkildə müzakirəsinə imkan yarada bilər.
AQEM çərçivəsində iqtisadi əməkdaşlığın real nəticələri yalnız görüşlərin və müzakirələrin sayı ilə deyil, onların yaratdığı praktiki imkanlarla ölçüləcək. Birgə investisiya təşəbbüslərinin formalaşması, biznes dairələri arasında davamlı əlaqələrin qurulması və iqtisadi əməkdaşlıq üçün maneələrin azaldılması bu istiqamətdə əsas göstəricilər olacaq. Azərbaycanın təşəbbüsləri belə bir gündəliyin formalaşdırılması üçün institusional zəmin yaradır.
Azərbaycan sədrliyinin diqqətçəkən nəticələrindən biri də AQEM çərçivəsində ilk dəfə Beyin Mərkəzləri Forumunun keçirilməsidir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən Forum regional əməkdaşlıq və idarəçilik məsələlərinin müzakirəsi üçün intellektual platforma yaradıb.
Beyin mərkəzlərinin fəaliyyəti müasir beynəlxalq münasibətlərdə xüsusi yer tutur. Ekspert təhlilləri dövlətlər arasında mövcud fikir ayrılıqlarının daha dərindən anlaşılmasına, ortaq maraqların müəyyənləşdirilməsinə və qərarqəbuletmə proseslərinin analitik əsaslarla dəstəklənməsinə kömək edir. Bu baxımdan, AQEM Beyin Mərkəzləri Forumu siyasi dialoqun ekspert müstəvisində genişləndirilməsi və regional məsələlərə dair alternativ yanaşmaların müzakirəsi üçün əhəmiyyətli imkan yaradıb.
Azərbaycanın təşəbbüsü ilə ilk AQEM Media Forumunun Bakıda, təşkilatın Zirvə Görüşü ərəfəsində keçirilməsi də əməkdaşlığın informasiya ölçüsünün gücləndirilməsi baxımından əlamətdardır. Müasir dövrdə informasiya mühitinin beynəlxalq münasibətlərə təsiri, dezinformasiya ilə mübarizə, media savadlılığı və dövlətlər arasında obyektiv məlumat mübadiləsi çoxtərəfli əməkdaşlığın mühüm elementlərindəndir.
Media platformalarının AQEM çərçivəsində əməkdaşlığa cəlb edilməsi üzv dövlətlərin ictimaiyyətləri arasında qarşılıqlı məlumatlılığın artırılmasına, regional proseslərin daha dolğun işıqlandırılmasına və ortaq problemlər barədə müzakirələrin genişlənməsinə şərait yarada bilər. Bu təşəbbüsün uzunmüddətli əhəmiyyəti media nümayəndələri arasında davamlı əlaqələrin qurulması və əməkdaşlığın konkret layihələrlə zənginləşdirilməsi ilə müəyyənləşəcək.
Nəqliyyat və limanlar: Azərbaycanın regional bağlantılardakı mövqeyi
Azərbaycanın AQEM sədrliyinin prioritetlərində bağlantıların xüsusi yer tutması ölkəmizin coğrafi mövqeyi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafındakı rolu ilə uzlaşır. Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndiyi, təchizat zəncirlərinin şaxələndirilməsinə ehtiyacın artdığı və alternativ logistika marşrutlarının strateji əhəmiyyət qazandığı bir dövrdə nəqliyyat bağlantıları regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib.
AQEM üzv dövlətlərinin ilk Liman Rəhbərləri Konfransının Bakıda keçirilməsi bu sahədə əməkdaşlığın praktiki məsələlərinin müzakirəsi üçün yeni imkan yaradıb. Liman infrastrukturu, dəniz nəqliyyatı və multimodal bağlantılar beynəlxalq ticarətin səmərəliliyinə, yüklərin daşınma müddətinə və iqtisadi əlaqələrin dayanıqlılığına birbaşa təsir göstərir. Bu sahələrdə təcrübə mübadiləsi və əlaqələndirmənin gücləndirilməsi regional ticarət imkanlarının genişləndirilməsinə xidmət edə bilər.
Azərbaycanın tranzit potensialı, nəqliyyat infrastrukturuna yatırılan investisiyalar və beynəlxalq dəhlizlərin inkişafında iştirakı ölkəmizin bu müzakirələrdə əhəmiyyətini artırır. Bakı limanı və digər nəqliyyat infrastrukturu vasitəsilə formalaşan bağlantılar Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində iqtisadi əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır.
Bununla belə, nəqliyyat bağlantılarının səmərəliliyi yalnız infrastrukturun mövcudluğu ilə məhdudlaşmır. Gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədləşmənin genişləndirilməsi, logistika xidmətlərinin əlaqələndirilməsi və marşrutlar arasında koordinasiyanın gücləndirilməsi də mühüm şərtlərdir. AQEM çərçivəsində liman rəhbərləri arasında əməkdaşlığın genişləndirilməsi bu məsələlərin regional səviyyədə müzakirəsinə və praktiki həll yollarının axtarılmasına şərait yaradır.
Azərbaycan sədrliyinin digər strateji istiqaməti AQEM-in beynəlxalq nüfuzunun və xarici tərəfdaşlarla əlaqələrinin gücləndirilməsi olub. Müasir beynəlxalq sistemdə regional təşkilatların təsir imkanları onların üzvlərinin sayından əlavə, digər beynəlxalq qurumlarla əməkdaşlıq səviyyəsi, qlobal gündəliyə töhfəsi və qəbul edilən qərarların praktiki əhəmiyyəti ilə müəyyənləşir. Azərbaycanın sədrliyi dövründə təşkilatın beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsinə, mövcud əlaqələrin möhkəmləndirilməsinə və AQEM haqqında məlumatlılığın artırılmasına diqqət yetirilib. Qadınların səlahiyyətləndirilməsi, dayanıqlı inkişaf, könüllülük, rəqəmsallaşma və nəqliyyat kimi sahələrdə keçirilən tədbirlər AQEM-in fəaliyyətinin daha geniş beynəlxalq gündəliklə əlaqələndirilməsinə imkan yaradıb. Bu yanaşma Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlığa verilən əhəmiyyətlə də uzlaşır. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda iştirak etməklə yanaşı, dialoqun təşviqi, ortaq maraqların müəyyənləşdirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir. AQEM sədrliyi isə bu siyasətin Asiya məkanında həyata keçirilməsi üçün əlavə imkan yaradıb.
AQEM-in 7-ci Zirvə Toplantısı: mürəkkəb beynəlxalq şəraitdə dialoq və etimad sınağı
Oktyabrın 15-də Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Toplantısı təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi və dövlətlər arasında qarşılıqlı etimadın sınağa çəkildiyi bir dövrdə Asiya ölkələrinin yüksək səviyyəli görüşü üçüncü tərəflərlə dialoq və ortaq maraqların müzakirəsi baxımından mühüm platformadır. Tədbirin əhəmiyyəti yalnız iştirakçıların yüksək səviyyəsi və coğrafi təmsilçiliklə məhdudlaşmır. Müxtəlif siyasi mövqelərə malik dövlətlərin eyni platformada təmsil olunması, onların ortaq problemləri müzakirə etməsi və mümkün razılaşmalar üzərində işləməsi çoxtərəfli diplomatiyanın real imkanlarını nümayiş etdirir. Xüsusilə, ikitərəfli münasibətlərində gərginlik olan dövlətlərin belə bir platformada iştirakı dialoqun qorunmasının və qarşılıqlı əlaqə kanallarının açıq saxlanılmasının əhəmiyyətini göstərir.
Belə şəraitdə Azərbaycanın ev sahibi və sədr kimi rolu təşkilati məsələlərlə yanaşı, siyasi dialoq üçün əlverişli mühitin formalaşdırılması ilə də bağlıdır. Çoxtərəfli platformaların uğuru bütün iştirakçıların maraqlarının nəzərə alınmasından, müzakirələrin konstruktiv xarakter daşımasından və yekun sənədlərdə ortaq mövqelərin əks olunmasından asılıdır.
Toplantı çərçivəsində Laosun AQEM-ə yeni üzv kimi qəbul edilməsi də təşkilatın coğrafi əhatəsinin genişlənməsi baxımından əlamətdar nəticədir. Üzvlüyün genişlənməsi platformanın Asiyada dialoq və əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, müxtəlif subregionların maraqlarının daha dolğun təmsil olunmasına şərait yaradır. Bununla belə genişlənmənin real faydası yeni üzvlərin təşkilatın fəaliyyətinə fəal cəlb olunması və mövcud əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə etməsi ilə müəyyənləşəcək. Tədbirin gündəliyində AQEM çərçivəsində fəaliyyətin təkmilləşdirilməsinə və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönələn sənədlərin qəbulu da xüsusi yer tutur. Bu sənədlər təşkilatın prioritetlərini müəyyənləşdirmək və üzv dövlətlər arasında gələcək fəaliyyət üçün ortaq siyasi çərçivə formalaşdırmaq baxımından əhəmiyyətlidir.
AQEM-in 7-ci Zirvə Toplantısının əsas siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulunun nəzərdə tutulması Azərbaycanın sədrliyinin nəticələrinin qiymətləndirilməsi baxımından mühüm məqamdır. Bəyannamədə Azərbaycan sədrliyinin üzv dövlətlər tərəfindən təqdir edilməsi, son iki il ərzində müxtəlif sahələrdə irəli sürülmüş təşəbbüslərin və keçirilən tədbirlərin alqışlanması nəzərdə tutulur. Bu, sədrliyin fəaliyyətinə siyasi qiymət verilməsi ilə yanaşı, AQEM-in gələcək inkişafı üçün müəyyən edilmiş prioritetlərin davam etdirilməsi baxımından da əhəmiyyət daşıyır. Bəyannamənin beynəlxalq nizam, hərbi-siyasi təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ətraf mühit sahələrində risklərə dair müddəaları təşkilatın gündəliyinin çoxşaxəli xarakterini əks etdirir. Müasir çağırışlar artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. İqlim dəyişmələri, enerji təhlükəsizliyi, təchizat zəncirlərindəki problemlər, rəqəmsal təhdidlər və texnoloji inkişafdan qaynaqlanan risklər regional əməkdaşlığı zəruri edir.
Sənəddə dözümlülük və sivilizasiyalararası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsi, eləcə də süni intellektin yaratdığı imkan və risklərə diqqət yetirilməsi müasir beynəlxalq gündəliklə uzlaşır. Xüsusilə süni intellekt və rəqəmsallaşma məsələlərinin çoxtərəfli müzakirələrdə yer alması texnoloji inkişafın yalnız iqtisadi faydalarının deyil, həm də təhlükəsizlik, etik məsuliyyət və rəqəmsal bərabərsizlik kimi problemlərinin nəzərə alınmasının vacibliyini göstərir.
Bakı Bəyannaməsində iqtisadi əlaqələrin inkişafı, nəqliyyat, enerji və rəqəmsal bağlantıların təşviqi, enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəaların əksini tapması Azərbaycanın sədrliyinin prioritetləri ilə də uzlaşır. Bu istiqamətlər AQEM üzvlərinin qarşılıqlı maraqlarının kəsişdiyi və praktiki əməkdaşlıq üçün əhəmiyyətli imkanların mövcud olduğu sahələrdir.
Bununla yanaşı, bəyannamənin əhəmiyyəti onun məzmununun gələcək fəaliyyətə necə təsir göstərəcəyindən asılı olacaq. Siyasi sənədlərdə razılaşdırılmış prinsiplərin konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsi, onların icrasının davamlı şəkildə təşviq olunması və üzv dövlətlərin təşəbbüslərdə fəal iştirakı uzunmüddətli nəticələrin əldə olunması üçün vacibdir.
Beynəlxalq gərginliyin artdığı və çoxtərəfli platformalarda ortaq mövqelərin razılaşdırılmasının çətinləşdiyi şəraitdə müxtəlif məsələləri əhatə edən sənəd üzrə konsensusun əldə olunması diplomatik baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə bir razılaşma fərqli mövqelərin mövcudluğuna baxmayaraq, ortaq maraqların müəyyənləşdirilməsinin və dialoq vasitəsilə uzlaşmanın mümkünlüyünü nümayiş etdirir. Azərbaycanın sədr kimi fəaliyyəti də məhz bu cür ortaq məxrəc axtarışının təşviqi baxımından qiymətləndirilə bilər.
Tədbirdə əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda ayrıca bəyanatın qəbulunun nəzərdə tutulması isə əməkdaşlıq gündəliyinin yalnız geosiyasi və iqtisadi məsələlərlə məhdudlaşmadığını göstərir. Əməyin mühafizəsi, iş yerlərində təhlükəsizliyin təmin edilməsi və işçilərin sağlamlığının qorunması sosial inkişafın mühüm şərtlərindəndir. Bu məsələnin ayrıca sənədlə əhatə olunması üzv dövlətlər arasında təcrübə mübadiləsi və müvafiq sahədə əməkdaşlıq üçün əlavə imkanlar yarada bilər.
Beləliklə, Azərbaycan sədrliyinin fərqləndirici cəhəti əməkdaşlığın yalnız ənənəvi siyasi məsləhətləşmələrlə məhdudlaşdırılmaması, müxtəlif sahələri əhatə edən yeni mexanizmlərlə zənginləşdirilməsidir. Bu yanaşma təşkilatın üzv dövlətlər üçün praktiki əhəmiyyətini artırmaq və AQEM-in fəaliyyətini daha davamlı institusional əsaslara söykəndirmək potensialına malikdir.
Bu təşəbbüslər Prezident İlham Əliyevin strateji baxışı və uzaqgörən xarici siyasət addımlarının nümunəsi olmaqla, ölkəmizin dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edib. Həmçinin Azərbaycanın çoxtərəfli diplomatiyaya töhfəsi növbəti dəfə bütün dünyaya nümayiş olunub.
Ümumiyyətlə, beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın zəiflədiyi və ortaq qərarların qəbulunun çətinləşdiyi bir dövrdə AQEM-in səmərəli regional platforma kimi güclənməsi Asiyada sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün əlavə imkanlar yarada bilər. Azərbaycanın təşəbbüsləri bu məqsədlə institusional zəmin formalaşdırmaqla yanaşı, ölkəmizin dialoq, əməkdaşlıq və ortaq maraqların uzlaşdırılması üçün etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Sədrliyin uzunmüddətli uğuru isə yaradılan mexanizmlərin davamlı fəaliyyətindən, qəbul olunan sənədlərin həyata keçirilməsindən və üzv dövlətlərin ortaq məqsədlər naminə əməkdaşlığı dərinləşdirmək iradəsindən asılı olacaq.
Müəllif - Aytac Haqverdiyeva