“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal rabitə” informasiya sisteminin (bundan sonra – RRİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. RRİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində (bundan sonra – müvafiq sahə) tənzimləmə və nəzarətin, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları ilə, yerli özünüidarəetmə orqanları (bundan sonra – qurumlar) ilə, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmçinin RRİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
1.3. RRİS-in formalaşdırılmasının məqsədi müvafiq sahədə dövlət idarəetməsinin optimallaşdırılması, tənzimləmə və nəzarətin təkmilləşdirilməsi, müvafiq sahə üzrə təhlil aparılması, proqnoz və hesabatların hazırlanması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
1.4. RRİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların RRİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların RRİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun həyata keçirilir.
1.6. RRİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər qanunla qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.
1.7. RRİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.9. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Fərdi məlumatlar haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında, Qaydalarda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. RRİS-in texniki-texnoloji infrastrukturu
2.1. RRİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxə;
2.1.5. istismaraqədərki formalaşma mühiti.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı RRİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə RRİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. RRİS onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına uyğun olaraq, RRİS-in telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. RRİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – operatorun struktur bölmələri tərəfindən;
2.4.2. RRİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları –Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. RRİS-də formalaşdırılan, RRİS-ə daxil edilən və ötürülən məlumatlar RRİS-in informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli RRİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, həmçinin həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə RRİS, o cümlədən RRİS-də toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. RRİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. RRİS-in altsistemləri
3.1. RRİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. “uçot” altsistemi;
3.1.2. “müraciətlər” altsistemi;
3.1.3. “məlumatların toplanılması” altsistemi;
3.1.4. “icraat” altsistemi;
3.1.5. “radiospektr” altsistemi;
3.1.6. “nömrə resursu” altsistemi;
3.1.7. “keyfiyyət testi” altsistemi;
3.1.8. “coğrafi informasiya” altsistemi;
3.1.9. “universal telekommunikasiya xidməti” altsistemi;
3.1.10. “ümumistifadəli telekommunikasiya şəbəkəsi” altsistemi.
3.2. RRİS-in altsistemləri təyinatı üzrə müvafiq sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını və emalını, RRİS-in inteqrasiyasını, monitorinq və təhlil aparılmasını, proqnozlar hazırlanmasını və müvafiq sahədə mərkəzləşdirilmiş elektron xidmətlər göstərilməsini təmin edir.
3.3. RRİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
3.3.1. “uçot” altsistemi vasitəsilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.7-1-ci və 13-1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.82-ci yarımbəndinə uyğun olaraq, internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçota alınması üçün ərizənin rəqəmsal qaydada verilməsi, qeydiyyata alınması, o cümlədən ərizəyə baxılmasının nəticəsindən asılı olaraq uçota alınma ilə bağlı elektron təsdiqetmə bildirişinin və ya imtina bildirişinin rəqəmsal qaydada göndərilməsi;
3.3.2. “müraciətlər” altsistemi vasitəsilə müvafiq sahədə “Vətəndaşların müraciətləri haqqında”, “Telekommunikasiya haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.111-ci yarımbəndinə uyğun olaraq, vətəndaşların müraciətlərinin elektron formada verilməsi, qeydiyyata alınması və müraciətə baxılmasının nəticəsi üzrə məlumatların (sənədlərin) elektron formada göndərilməsi;
3.3.3. “məlumatların toplanılması” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 4.0.3-cü yarımbəndinə uyğun olaraq, telekommunikasiya operatorları və provayderləri, eləcə də poçt rabitəsi operatorları tərəfindən sahibin və operatorun sorğularının icrası üzrə məlumatların (sənədlərin) rəqəmsal qaydada təqdim edilməsi;
3.3.4. “icraat” altsistemi vasitəsilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lisenziya və icazələrin, eləcə də onların dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə əlaqədar “Bir pəncərə” informasiya sistemindən və “Lisenziyalar və icazələr” portalından RRİS-ə daxil olan müraciətlərə baxılma prosesinin rəqəmsallaşdırılması və nəticəsi barədə “Lisenziyalar və icazələr” portalına məlumatın ötürülməsi:
3.3.4.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində göstərilən fəaliyyət növünə lisenziya;
3.3.4.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 9-cu maddəsinə əsasən, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın 5-ci kateqoriyasında nəzərdə tutulmuş əşyaların ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazə;
3.3.4.3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 10-cu maddəsinə əsasən, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü (kosmik-peyk rabitə vasitələrinə münasibətdə), 13-cü və 14-cü maddələrində nəzərdə tutulmuş əşyaların dövriyyəsinə icazə;
3.3.4.4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 39-cu maddəsinə əsasən nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə;
3.3.4.5. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 40-cı maddəsinə əsasən radiotezliklərin ayrılması haqqında qərar;
3.3.4.6. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 41-ci maddəsinə əsasən radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi;
3.3.5. “radiospektr” altsistemi vasitəsilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.6-cı və 13-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.48-1-ci yarımbəndinə uyğun olaraq, radiotezliklərin qeydiyyatı və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi prosesinin rəqəmsallaşdırılması;
3.3.6. “nömrə resursu” altsistemi vasitəsilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 7-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.45-ci yarımbəndinə uyğun olaraq, sellülar (mobil) nömrə daşınması üçün ərizənin rəqəmsal qaydada verilməsi, qeydiyyata alınması, elektron təsdiqetmə bildirişinin, o cümlədən ərizəyə baxılmasının nəticəsindən asılı olaraq həmin bildirişin və ya imtina bildirişinin rəqəmsal qaydada göndərilməsi;
3.3.7. “keyfiyyət testi” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.40-cı yarımbəndinə uyğun olaraq, xüsusi avadanlıqla marşrutlar üzrə telekommunikasiya şəbəkə və xidmətlərinin keyfiyyəti, əhatə dairəsi, siqnal gücü və digər keyfiyyət parametrləri barədə məlumatların rəqəmsal qaydada toplanılması, eləcə də hesabatların hazırlanması və təhlillər aparılması;
3.3.8. “coğrafi informasiya” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.82-ci yarımbəndinə uyğun olaraq, internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçota alınması zamanı toplanılan məlumatlar əsasında telekommunikasiya operatorlarının və provayderlərinin telekommunikasiya şəbəkə və xidmətlərinin xəritələnməsinin rəqəmsal qaydada təşkili;
3.3.9. “universal telekommunikasiya xidməti” altsistemi vasitəsilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.49-cu yarımbəndinə uyğun olaraq, universal telekommunikasiya xidmətinin göstərilməsi prosesinin rəqəmsallaşdırılması;
3.3.10. “ümumistifadəli telekommunikasiya şəbəkəsi” altsistemi vasitəsilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.6-cı, 12-ci və 19-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.41-ci və 3.0.44-cü yarımbəndlərinə uyğun olaraq, ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və istifadə, eləcə də qarşılıqlı arabağlantı prosesləri üzrə normativ hüquqi aktlara uyğun olaraq məlumatların rəqəmsal formada toplanılması və sistemləşdirilməsi.
4. RRİS-ə daxil edilən və ötürülən məlumatlar
4.1. RRİS-ə daxil edilən məlumatlar aşağıdakılardır:
4.1.1. internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçot üzrə təqdim olunmuş məlumatlar (sənədlər);
4.1.2. telekommunikasiya operatorları və provayderləri, eləcə də poçt rabitəsi operatorları tərəfindən sahibin və operatorun sorğularının icrası üzrə təqdim edilmiş məlumatlar (sənədlər);
4.1.3. müraciətçilər tərəfindən radiomaneələrlə bağlı müraciətlər üzrə təqdim olunan məlumatlar;
4.1.4. sellülar (mobil) telekommunikasiya xidmətləri göstərən telekommunikasiya operatorları və provayderləri tərəfindən nömrə daşınmasının həyata keçirilməsi ilə əlaqədar təqdim olunan məlumatlar (sənədlər);
4.1.5. telekommunikasiya operatorları və provayderləri tərəfindən təqdim olunan telekommunikasiya şəbəkə və xidmətlərinin keyfiyyəti, əhatə dairəsi, siqnal gücü və digər keyfiyyət parametrləri barədə məlumatlar;
4.1.6. universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün sərf olunan vəsaitin geri qaytarılması ilə əlaqədar universal telekommunikasiya xidmətləri göstərən operator və ya provayder tərəfindən təqdim olunan məlumatlar (sənədlər);
4.1.7. rabitə müəssisələri tərəfindən abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulmalı olan məlumatlar;
4.1.8. sellülar (mobil) telekommunikasiya xidmətləri üzrə lisenziya müqaviləsinə uyğun olaraq operatorlar tərəfindən təqdim edilməli olan şəbəkələrindəki mübadilə üzrə məlumatlar.
4.2. RRİS-ə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə ötürülən məlumatlar aşağıdakılardır:
4.2.1. telekommunikasiya vasitə və qurğularının uyğunluğunu təsdiq edən sənədlər haqqında məlumatlar;
4.2.2. daşınmaz əmlakın kadastrı, ortofotoplan, nəqliyyat şəbəkələri, inzibati vahidlər, ünvanlar, mühəndis-kommunikasiya təminatı sistemi, əhalinin bölgüsü və demoqrafiya üzrə mövcud məkan məlumatları;
4.2.3. istifadəçilərin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar (şəxsin soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, fərdi identifikasiya nömrəsi, sənədin nömrəsi və etibarlılıq müddəti, yaşadığı yer, ailə vəziyyəti, sənədi verən orqanın adı və vəsiqənin verilmə tarixi);
4.2.4. vergi ödəyicisi olan istifadəçilərin vergi ödəyicisi kimi uçot məlumatları (VÖEN-i, vergi uçotuna alınma tarixi, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və ya hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatlar, fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda – tam adı, hüquqi ünvanı);
4.2.5. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmin Qanunun 1 nömrəli əlavəsinin 6-cı maddəsində göstərilən fəaliyyət növlərinə verilən lisenziyalarla bağlı Lisenziyaların və icazələrin vahid reyestrinə daxil edilmiş məlumatlar;
4.2.6. istifadəçilərin və iştirakçıların əlaqə vasitələri haqqında məlumatlar.
4.3. RRİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.4. RRİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) RRİS-ə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.5. RRİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunur və rəsmiləşdirilir.
5. RRİS-dən istifadə qaydası
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların RRİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin RRİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən RRİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq RRİS-dən istifadə edirlər.
5.3. Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə RRİS-də identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq RRİS-dən istifadə edirlər.
5.4. RRİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə RRİS-in rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
5.5. RRİS vasitəsilə təqdim edilən xidmət kanalları (portal, virtual köməkçi və digər) istifadəçilərin RRİS-in fəaliyyətində iştirakını və ondan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. RRİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. RRİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. RRİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən RRİS-də toplanılan, işlənilən və mühafizə edilən fərdi məlumatların (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların RRİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. RRİS-in informasiya təhlükəsizliyini XRİTDX ilə və operatorla birlikdə təmin etmək;
6.1.5. RRİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə təqdim etmək, habelə XRİTDX tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.6. RRİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.7. RRİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.8. RRİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;
6.1.9. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.10. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.11. RRİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.12. aidiyyəti qurumların RRİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.13. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək;
6.1.14. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) RRİS-ə daxil etmək;
6.1.15. RRİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.16. RRİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.17. RRİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. RRİS-in fəaliyyətini təmin etmək üçün sahibin hüquqları aşağıdakılardır:
6.2.1. RRİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. RRİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. RRİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. RRİS-in informasiya təhlükəsizliyini XRİTDX ilə və sahiblə birlikdə təmin etmək;
7.1.2. RRİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə və sahibə təqdim etmək, habelə XRİTDX və sahib tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. RRİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. RRİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. RRİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti qurumları və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə RRİS-in “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün sahiblə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. RRİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində, sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə RRİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. RRİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə RRİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) RRİS-ə daxil etmək;
7.1.9. RRİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. RRİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. RRİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.12. sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdiyi təkliflər əsasında RRİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. RRİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə təqdim etmək;
7.1.15. RRİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. aidiyyəti qurumların RRİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun hüquqları aşağıdakılardır:
7.2.1. RRİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. RRİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. RRİS ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. RRİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər RRİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə RRİS-ə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. RRİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. RRİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə RRİS-ə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. RRİS-dən, habelə RRİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. RRİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun RRİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. RRİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. RRİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. RRİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin RRİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. RRİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. RRİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. RRİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.