Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, yeni informasiya sistemi telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğunun artırılmasına, göstərilən xidmətlərin rəqəmsallaşdırılmasına xidmət edəcək.
“Rəqəmsal rabitə” informasiya sistemi rabitə və informasiya-kommunikasiya texnologiyaları sahələrində tənzimləmə və nəzarətin həyata keçirilməsində, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyinin, səmərəliliyinin və şəffaflığının təmin olunmasında mühüm rol oynayacaq. Sistem, həmçinin xidmətlərin və orada saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edəcək.
Fərmana görə, sistemin sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə nazirliyin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirəcək.
Nazirliyə sistemin formalaşdırılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlərin görülməsi, onun “Hökumət buludu”nda yerləşdirilməsi, eləcə də müvafiq dövlət reyestrlərinə daxil edilməsi tapşırılıb.
Bundan əlavə, ilkin məlumat mənbələrini formalaşdıran dövlət qurumları ilə birlikdə müvafiq məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasının təmin edilməsi nəzərdə tutulur.
Fərmandan irəli gələn digər məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.