Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda gənclərin 90 faizi informasiyanı sosial şəbəkələrdən alır. Bununla belə, Azərbaycan əhalisinin 60 faizdən çoxu sosial şəbəkələrdən aldığı məlumatların, sadəcə, izləyicisidir.
AZƏRTAC xəbər verir ki, bunu Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Xəzər İnşaat Həftəsinin ikinci günündə “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel müzakirədə deyib.
O bildirib ki, Azərbaycan vətəndaşı sosial şəbəkələrdən aldığı məlumatların doğruluğunu daha çox ənənəvi media ilə müqayisə edərək yoxlayır. Xəbərin məzmununa etimada görə birinci yerdə televiziya, ikinci yerdə xəbər saytları, üçüncü yerdə radio, dördüncü yerdə isə sosial şəbəkələr dayanır.
Şöbə müdiri vurğulayıb ki, həmin göstəricilər Azərbaycan insanının milli jurnalistikaya və mediaya olan inamını ifadə edir.
Qarabağda aparılan quruculuq işlərinə də toxunan Natiq Məmmədli qeyd edib ki, medianın əsas vəzifələrindən biri bölgədə həyata keçirilən genişmiqyaslı işləri və insan hekayələrini doğru, düzgün və obyektiv şəkildə həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaqdır:”Azərbaycan reallığının ifadəsi üçün bu gün Azərbaycan jurnalistikasının hədsiz geniş imkanları və mövzu mənbəyi var”.
Onun sözlərinə görə, Qarabağda quruculuq işləri, insanların həsrətinə son qoyulması və doğma yurda qayıdışı, eləcə də bu proseslərin milli yaddaşa təsiri jurnalistikanın, ədəbiyyatın və incəsənətin müxtəlif sahələri üçün mühüm mövzulardır.
Natiq Məmmədli süni intellektin və rəqəmsal texnologiyaların inkişafından bəhs edərək vurğulayıb ki, dəyişən yalnız informasiyanın ötürülmə sürətidir, məzmun isə öz əhəmiyyətini qoruyur.
O qeyd edib ki, doğru və düzgün fikri cəmiyyətə çatdırmaq üçün sosial şəbəkələrin alqoritmlərindən, qəzetlərdən və digər informasiya vasitələrindən istifadə etmək mümkündür. Əsas məsələ fikrin məzmunudur. Təsirli məzmunu yaradan insandır, süni intellekt deyil.
Şöbə müdiri bildirib ki, rəqəmsal mühit və süni intellektin inkişafı ağıllı fikirlərin cəmiyyətə daha sürətlə çatdırılması üçün yeni imkanlar yaradır. O, bu imkanlardan istifadə edərək, gələcəyə yönəlməyin vacibliyini vurğulayıb.