Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi
Laçın 15 oktyabr, AZƏRTAC
Laçın rayonunun Bozlu kəndi ərazisində yerləşən Ballıca şəlaləsinin ətrafında genişmiqyaslı təmizlik aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri və Laçın sakinləri iştirak ediblər.
Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ilə yanaşı, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti PHŞ-nin Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və “Azərişıq” ASC-nin nümayəndələri, həmçinin Laçın Rayon Mərkəzi Xəstəxanasının, Laçın şəhər 2 nömrəli tam orta məktəbin və Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbinin kollektivləri iştirak ediblər.
Səhər saatlarından əraziyə xüsusi texnika cəlb olunub. Zəruri sanitar ləvazimatlarla təmin edilən aksiya iştirakçıları tərəfindən şəlalənin ətrafında genişmiqyaslı təmizlik işləri aparılıb. Ərazidən əsasən plastik və şüşə butulkalar, polietilen torbalar, plastik qablaşdırma materialları, metal içki qutuları və təbiətdə uzun müddət parçalanmayan digər məişət tullantıları toplanıb. Təxminən 2 hektar ərazidən 500 kiloqrama yaxın tullantı yığılaraq Laçında yerləşən tullantıların idarə olunması poliqonuna daşınıb.
Aksiyanın əsas məqsədi Laçın rayonunda təmizliyə riayət olunmasının təşviqi, meşə, çay və şəlalə ərazilərinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınması, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində ictimai məsuliyyətin artırılmasıdır.
Qeyd edək ki, Ballıca şəlaləsi Laçının təbii gözəlliklərini əks etdirən ərazilərdən biridir. Xüsusilə yay aylarında əraziyə çoxsaylı ziyarətçilərin gəlməsi nəticəsində burada bərk məişət tullantılarının əraziyə yayılması müşahidə olunur.
Təbiətin qorunması və ətraf mühitin təmiz saxlanılması hər kəsin məsuliyyətidir. Bu baxımdan, ərazini ziyarət edən qonaqların məişət tullantılarını ətrafa atmaması, istirahət etdikləri məkanın təmizliyini qoruması xüsusi əhəmiyyət daşıyır.
Müxbir - Aydın Yavərzadə