Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib
Astana, 15 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasına Azərbaycanın tarixi və mədəniyyəti haqqında kitablar hədiyyə edilib.
CASPIA analitik mərkəzinin direktoru və həmtəsisçisi Orxan Yolçuyev AZƏRTAC-a bildirib ki, humanitar tədbir onun rəhbərlik etdiyi mərkəz tərəfindən Qazaxıstanın “TransConsulting” şirkətinin iştirakı ilə təşkil olunub.
O əlavə edib ki, təşəbbüsün məqsədi Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələri möhkəmləndirmək, qarşılıqlı etimadı və əməkdaşlığı inkişaf etdirməkdir.
Hədiyyə edilən nəşrlər arasında Azərbaycanın Qarabağ müharibəsindəki Qələbəsi, multikulturalizmin Azərbaycan modeli və Qafqaz Albaniyasının tarixi haqqında kitablar var.
Orxan Yolçuyev, həmçinin Cənubi Qafqazda qıpçaqların tarixi irsinin daha geniş elmi kontekstdə öyrənilməsinin zəruriliyini qeyd edib. O hesab edir ki, hədiyyə edilən ədəbiyyat bu sahədə tədqiqatların inkişafına töhfə verə bilər.
Bütün kitablar 2024-cü ilin sentyabrında Qazaxıstan Milli Akademik Kitabxanasında açılan Azərbaycan ədəbiyyatı guşəsində təqdim olunacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana