Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
London, 15 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Eritreyanın qeyri-qanuni miqrantların və cinayət törətmiş vətəndaşlarının geri qaytarılmasına razılıq verməyəcəyi təqdirdə, bu ölkənin bütün vətəndaşlarının Britaniyaya girişini qadağan edə bilər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud xəbərdarlıq edib.
Nazirin sözlərinə görə, Eritreya hökuməti La-Manş boğazını kiçik qayıqlarla keçərək Britaniyaya gələn və ölkədə qalmaq hüququ olmayan miqrantların, eləcə də cinayət törətmiş şəxslərin qəbulundan imtina edir. Bu gündən etibarən Eritreyanın Britaniyadakı diplomatlarının London hüdudlarından kənara hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Bundan əlavə, ölkənin yüksəkvəzifəli şəxsləri üçün sürətləndirilmiş viza proseduru dayandırılır.
Şabana Mahmud bildirib ki, Eritreyaya öz vətəndaşlarını qəbul etmək üçün kifayət qədər imkan yaradılıb, lakin ölkə rəhbərliyi digər dövlətlərdən fərqli olaraq əməkdaşlıqdan imtina edib.
Nazir Eritreya hökumətini xəbərdar edərək bildirib ki, ölkə öz vətəndaşlarını qəbul etməsə, bütün Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişinə qadağa tətbiq oluna bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London