AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır
Bakı, 15 oktyabr, AZƏRTAC
Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AMB xaricdən borc vəsaiti cəlb edən BOKT-ların valyuta risklərini hedcinq mexanizmləri vasitəsilə sığortalayır.
“Bu, həmin təşkilatların maliyyələşmə xərclərinin dolayı yolla azalmasına kömək edir, eyni zamanda, bankların rəqabət qabiliyyətinin qorunmasına şərait yaradır. Xarici maliyyələşmə imkanları zəif olsaydı və xaricdən vəsait cəlb etmək mümkün olmasaydı, banklar BOKT-ların alternativ maliyyə mənbələrinin olmadığını əsas gətirərək daha yüksək faizlər tətbiq edə bilərdilər. Xarici maliyyələşməni dəstəkləyən tədbirlərin, o cümlədən hedcinq imkanlarının yaradılması bazarda alternativ maliyyələşmə mənbələrinin qorunmasına imkan verir. Beləliklə, BOKT-lar vəsait cəlb etmək üçün alternativ mənbələrdən istifadə edə bilir, bankların isə daha yüksək faiz tətbiq etmək imkanları məhdudlaşır. Bu amillər kredit faizlərinə və müştərilərə təklif olunan kreditlərin məbləğinə də təsir göstərə bilər”, - deyə Şahin Mahmudzadə qeyd edib.
Video - Ceyhun Mustafayev