bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir
Bakı, 15 oktyabr, AZƏRTAC
İnklüzivlik haqqında danışmaq vacibdir, lakin daha vacibi onu hər bir real həyatında görməsidir. Çünki hər bir insanın öz hekayəsi, istedadı və cəmiyyətə verə biləcəyi töhfəsi var. Bizim üzərimizə düşən isə həmin potensialın üzə çıxması üçün imkanlar yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu bp şirkətinin xarici əlaqələr üzrə rəhbəri Günəş Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında çıxış edərkən deyib.
bp şirkətinin nümayəndəsi bildirib ki, Azərbaycanda fəaliyyətləri çərçivəsində insan kapitalının inkişafı və digər bu kimi işləri həyata keçirməyə çalışıblar: "Bununla yanaşı sosial məsuliyyətimizi də unutmamışıq və bu öhdəliyə sadiq qalaraq cəmiyyətin inkişafı üçün çalışırıq. İnklüzivliyin təşviq edilməsi və imkanların artırılması, əlilliyi olan şəxslərin cəmiyyətə daha fəal inteqrasiyası üçün layihələrimizi davam etdiririk. Bu təşəbbüslər müxtəlif görünə və fərqli auditoriyaların, ehtiyacların ödənilməsinə xidmət edə bilər. Amma onları birləşdirən bir səbəb, ortaq məqsəd var: insanların qarşısındakı maneələri azaltmaq və hər kəs üçün daha əlçatan, bərabər imkanlar yaratmaq. Əlbəttə, bir qurum və ya təşkilat bunu təkbaşına edə bilməz. Bunun üçün dövlətin, biznesin, vətəndaş cəmiyyətinin və təhsil müəssisələrinin birgə fəaliyyəti vacibdir. Bugünkü konfransın əhəmiyyəti də bundadır. Burada paylaşılan təcrübələr, qurduğumuz əməkdaşlıqlar daha çox insanın əmək bazarına qoşulmasına, öz bacarıqlarını nümayiş etdirməsinə və potensialını reallaşdırmasına kömək edə bilər. Bütün bunlarla yanaşı, başa düşürük ki, inklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir. Biz işdə də çalışırıq ki, elə mühit yaradaq ki, orada hər bir insan özünü dəyərli hiss etsin, potensialını reallaşdıra bilsin və heç kəs kənarda qalmasın".