Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
Bakı, 15 oktyabr, AZƏRTAC
Açığı, bu oyunda heç bir tərəfin aşkar üstünlüyünü görmürəm. Matçın heç-heçə ilə nəticələnəcəyini düşünürəm. “Qarabağ” artıq xallar itirib. “Neftçi” də liderlər qrupundadır və “Sabah”la xalları eynidir. Meydanda kimin qalib gələcəyini əvvəlcədən bilmək olmaz. Derbidə şansları bərabər qiymətləndirirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək derbi matçı ilə bağlı danışarkən deyib.
Hər iki komandanın heyətində çıxış etmiş keçmiş yarımmüdafiəçi ölkə futbolundakı derbi anlayışından və komandalar arasındakı rəqabətdən söz açıb: “Əvvəllər çempionatlarımızda ana derbi dedikdə “Kəpəz” – “Neftçi” qarşılaşması nəzərdə tutulurdu. Sonradan çempionluq mübarizəsinə “Xəzər Lənkəran” qoşuldu. Daha sonra isə bu status “Neftçi” - “Qarabağ” matçlarına keçdi. Güman edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolunun flaqmanı olan “Neftçi” ilə yanaşı, “Sabah”ın da iştirakı ilə prinsipial oyunlar izləyəcəyik. “Sabah” son illərdə böyük inkişaf yolu keçib, yaxşı komandadır və uğurlu çıxış edir. Bildiyiniz kimi, Türkiyədə 4 komanda - “Fənərbağça”, “Beşiktaş”, “Qalatasaray” və “Trabzonspor” arasındakı qarşılaşmalar derbi sayılır. Arzu edərdim ki, bizdə də 4-5 komanda zirvə uğrunda mübarizəyə qoşulsun. Məsələn, “Kəpəz” də bu sıraya daxil olsun və derbilərimizin sayı artsın”.
Mütəxəssis qarşıdakı matçda favorit görmədiyini və turnir cədvəlindəki vəziyyəti dəyərləndirib: “Çempionat uzundur, qarşıda hələ 26 tur, yəni, qazanılacaq 70-dən çox xal var. "Neftçi" üçün derbi oyunları silsiləsi indi başlayır. Ağır və maraqlı oyunlar hələ qarşıdadır. Ona görə də bu derbidə kimin qalib gələcəyini əvvəlcədən söyləmək çətindir”.
V. Rzayev mövsümün çempionluq mübarizəsinə də toxunub: “Mövsümün sonu ilə bağlı indidən dəqiq proqnoz vermək çətindir. Buna qış fasiləsindən sonra qiymət vermək daha doğru olar. Çünki komandaya yeni gələn məşqçilər heyəti tam komplektləşdirmək üçün vaxta ehtiyac duyurlar və qış transfer pəncərəsində çatışmayan mövqeləri gücləndirirlər. Əlbəttə ki, proqnozum tam dəqiq olmaya bilər, lakin üç cəbhədə mübarizə aparmasına baxmayaraq, hazırda “Sabah”ı favorit görürəm. Əvvəllər, yəni, 8-9 il öncə bu sual soruşulanda deyirdim ki, “Qarabağ” şəriksiz çempiondur. Digərləri isə ikinci, üçüncü yerlər uğrunda oynayırlar. Amma indiki gedişatda çempionluq yarışında “Sabah”ı ön pillədə görürəm. Əgər belə davam etsələr, mövsümün sonunda çempion ola bilərlər”.
Qeyd edək ki, oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması saat 19:00-da başlayacaq.
Hazırda “Neftçi” 16 xalla turnir cədvəlində birinci, bir oyun az keçirən və eyni xala malik “Sabah” və “Qarabağ” komandaları isə müvafiq olaraq, ikinci və üçüncü pillələrdə qərarlaşıblar.