Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib
Astana, 15 oktyabr, AZƏRTAC
Astanada keçirilən VIII “New Silk Way” Beynəlxalq Nəqliyyat-Logistika Biznes Forumu çərçivəsində beynəlxalq daşımaların inkişafına həsr olunan nümayəndə heyətləri başçılarının - nəqliyyat nazirlərinin görüşü təşkil edilib.
AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, “Fəaliyyətlərin əlaqələndirilməsi, institusionallıq və rəqəmsallaşma” mövzusunda keçirilən tədbirdə nəqliyyat qurumlarının rəhbərləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İştirakçılar beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını, logistika zəncirlərinin səmərəliliyinin artırılmasını, infrastruktur planlarının əlaqələndirilməsini, dövlət sərhədlərindən keçid zamanı mövcud maneələrin aradan qaldırılmasını və rəqəmsal həllərin tətbiqini müzakirə ediblər.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanov beynəlxalq daşımaların bütün iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
“Bizim əsas vəzifəmiz nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək və ölkələr arasında yüklərin maneəsiz hərəkəti üçün şərait yaratmaqdır. Bunun üçün mövcud maneələri aradan qaldırmaq və beynəlxalq daşımaların bütün iştirakçıları arasında səmərəli qarşılıqlı fəaliyyəti təmin edən rəqəmsal həllər tətbiq etmək lazımdır”, - deyə o bildirib.
Görüşün yekununda iştirakçılar nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri və beynəlxalq daşımaların gələcək inkişafı üzrə praktiki tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov təmsil edib.