Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Torpaq zəhməti sevir, bol məhsul isə vaxtında görülən işdən, düzgün aqrotexniki qulluqdan və ən əsası, suvarma imkanlarından asılıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu baxımdan Culfa rayonunda əkin sahələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradır.
Belə ki, 15 oktyabr 2025-ci il tarixinə rayonda 21,54 hektar sahədə əkin aparıldığı halda, cari il oktyabrın 15-nə bu göstərici 526,7 hektara çatıb. Əkin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 505,16 hektar artıb. Suvarılan sahələrin həcmi isə 47,85 hektardan 62,9 hektara yüksələrək 15,05 hektar artım göstərib. Ötən biçin mövsümündə rayonda taxılın məhsuldarlığı hektardan 25,49 sentner təşkil edib. Bu göstəricilər əkinçiliyə marağın və torpaqdan istifadənin genişləndiyini göstərsə də, məhsuldarlığın artırılması üçün suvarma imkanlarının yaxşılaşdırılması da mühüm əhəmiyyət daşıyır. Rayonun Yaycı kəndində təsərrüfatçılarla söhbət zamanı aydın olur ki, fermerlərin torpağa bağlılığı və əkin sahələrini genişləndirmək istəyi böyükdür. Bununla belə, suvarma suyunun fasiləsiz təmin edilməsi və arxların işlək vəziyyətdə saxlanılması təsərrüfatların inkişafı üçün vacib şərtlərdəndir.

Yaycı kənd sakini Adil İbrahimov artıq 12 ildən çoxdur ki, əkinçiliklə məşğuldur. Onun təsərrüfatında hər mövsüm yeni hədəflər müəyyənləşdirilir, torpağın imkanlarından daha səmərəli istifadə etməyə çalışılır. Fermer ötən il təxminən 25 hektar sahədə əkin aparıb, mövsümün sonunda 50 tondan çox məhsul əldə edib. Bu il isə əkin sahələrini 40 hektara çatdırmağı qarşısına məqsəd qoyub.
Adil İbrahimovla söhbətimiz zamanı məlum olur ki, onun üçün əkinçilik yalnız dolanışıq mənbəyi deyil, həm də illərin təcrübəsinə, zəhmətə və torpağa bağlılığa söykənən bir məşğuliyyətdir. Taxıl əkini ilə yanaşı, təsərrüfatın digər istiqamətlərini də inkişaf etdirməyə çalışan fermer məhsuldarlığın artırılmasında torpağın düzgün hazırlanmasına, gübrələməyə və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə xüsusi önəm verir. O dövlət tərəfindən göstərilən dəstəyin də əkinçilik fəaliyyətində əhəmiyyətli olduğunu vurğulayır, təsərrüfatında 5 faizlik subsidiyadan yararlandığını, bu imkanın işini genişləndirmək baxımından faydalı olduğunu bildirir. Adil İbrahimovun sözlərinə görə, məhsuldarlığı artırmaq üçün bütün aqrotexniki tədbirlərin vaxtında görülməsi vacibdir. Lakin bununla yanaşı, suvarma suyunun əkin sahələrinə vaxtında çatdırılması da əsas şərtlərdəndir.
Söhbətimiz zamanı fermer suvarma ilə bağlı üzləşdiyi çətinliklərdən də danışır. Onun sözlərinə görə, son günlər nasosun fasilələrlə işləməsi əkin sahələrinin suvarılmasında problemlər yaradıb. Araz çayından gələn su xəttindəki nasazlığın aradan qaldırılması üçün tədbirlər görüləcəyinin bildirildiyini deyən təsərrüfatçı məsələnin tezliklə həllini tapacağına ümid edir.
Bununla belə, problem təkcə nasosun işi ilə məhdudlaşmır. Sərhəd ərazisində yerləşən ana arxın və digər suvarma arxlarının yararsız vəziyyətdə olması da suyun sahələrə çatdırılmasını çətinləşdirir. Fermer qeyd edir ki, yol çəkilişi zamanı arxların bəzi hissələrinin torpaqla dolması suyun axınına maneə yaradıb: "Aidiyyəti qurumların bu məsələlərə diqqət ayırması vacibdir. Suvarma sistemindəki problemlərin aradan qaldırılması fermerlərin işini asanlaşdırmaqla yanaşı, əkin sahələrinin genişləndirilməsinə və daha yüksək məhsul əldə olunmasına da imkan verəcək".
Yaycı kəndində təsərrüfatçılıq ənənələri yalnız taxıl əkini ilə məhdudlaşmır. Burada heyvandarlıq, quşçuluq və yem bitkilərinin becərilməsi də ailə təsərrüfatlarının mühüm istiqamətlərindəndir. Kənd sakini Zeynalabdin Hacıyev 1979-cu ildən təsərrüfat fəaliyyəti ilə məşğuldur. Uzun illərdir zəhmətini torpağa və heyvandarlığa sərf edən təsərrüfatçı hazırda 8 baş iribuynuzlu heyvan saxlayır, 100-ə yaxın toyuq bəsləyir. Ət məhsullarını əsasən ailəsinin tələbatı üçün istehsal edir, taxıl və yonca becərməklə də məşğul olur.

Zeynalabdin Hacıyev ötən il 15 hektar sahədə taxıl əkərək təxminən 35 ton məhsul əldə edib. Bu il isə əkin sahəsini 20 hektara çatdırıb. Artıq 6 hektar sahəni suvaran təsərrüfatçı daha 7 hektar ərazidə əkin aparmaq üçün su növbəsini gözləyir. Bu rəqəmlər bir daha göstərir ki, torpaq sahiblərinin əkinə marağı var, onlar mövcud imkanlardan istifadə etməklə təsərrüfatlarını genişləndirməyə çalışırlar. Ancaq suvarma suyunun əlçatanlığı bu işin davamlılığı üçün həlledici amillərdən biridir. Zeynalabdin Hacıyevin fikrincə, torpağı əkib-becərmək həm ailənin dolanışığı, həm də kənd təsərrüfatının inkişafı baxımından əhəmiyyətlidir.
“Hamıya məsləhət görürəm ki, əkinlə məşğul olsun. İndi bərəkətli məhsul yetişdirmək üçün yaxşı imkanlar var. Dövlət də təsərrüfatla məşğul olanlara dəstək göstərir”, – deyə təsərrüfatçı bildirir.
Fermer suvarma ilə bağlı çətinliklərdən danışır. Onun sözlərinə görə, ərazidəki gölün təxminən 500 metrlik hissəsinin təmizlənməsinə ehtiyac var. Həmin hissənin qamışla örtülməsi suyun axmasına mane olur. Bundan başqa, suvarma xəttinin çıxış hissəsi də yararsız vəziyyətdədir. Nəticədə ərazidəki əkin sahələrinin su ilə təminatında çətinliklər yaranır.
Təsərrüfatçı bildirir ki, həmin ərazidə təxminən 100 hektar əkinəyararlı torpaq sahəsi mövcuddur. Gölün və suvarma xəttinin təmizlənməsi bu torpaqlardan daha səmərəli istifadə edilməsinə, əkin dövriyyəsinə əlavə sahələrin cəlb olunmasına və məhsuldarlığın yüksəldilməsinə şərait yarada bilər.
Yaycıda söhbətləşdiyimiz təsərrüfatçıların fikrincə, suvarma sistemindəki çatışmazlıqların aradan qaldırılması təkcə ayrı-ayrı təsərrüfatların deyil, bütövlükdə kəndin kənd təsərrüfatı potensialının inkişafına təkan verə bilər. Torpağın bərəkəti onun nə qədər geniş əkilməsindən deyil, həm də necə becərilməsindən, suyun nə vaxt və hansı şəraitdə sahəyə çatmasından asılıdır. Fermerlərin böyüyən hədəfləri, artırılan əkin sahələri və zəhmətə bağlılığı göstərir ki, inkişaf üçün istək də var, imkan da. İndi əsas məsələ suvarma ilə bağlı çətinliklərin aradan qaldırılması, arxların təmizlənməsi və suyun hər bir əkin sahəsinə vaxtında çatdırılmasıdır. Çünki fermerin torpağa səpdiyi toxumun bərəkətə çevrilməsi üçün onun zəhməti qədər suya da ehtiyacı var.
Müxbir - Nail Əsgərov