Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq
Bakı, 15 oktyabr, AZƏRTAC
Vahid məktəbli forması bütün dövrlərdə şagirdlər arasında sosial və maddi fərqlərin azalmasına kömək edib. Bu, biz oxuyan dövrdə də belə idi, indi də belədir. Hətta deyərdim ki, indi daha çox vacibdir.
Bunu AZƏRTAC-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib.
Onun sözlərinə görə, uşaqlar bəzən marka, brend kimi müasir dövrün asılılıqlarından əziyyət çəkirlər: “Bəzi uşaqlar hər şeyi brend alaraq yaşıdları arasında status fərqi yarada bilirlər. Belələrinin bəzən brend geyinməyən yaşıdları ilə yoldaşlıq etməyi də özləri üçün əskiklik hesab etməsi mümkündür. Belə hallar bir sinifdə oxuyan şagirdlər arasında bərabərsizlik meydana çıxarır”.
Lalə Mehralı deyib ki, məktəb mühitində geyim uşaqların sosial vəziyyətini nümayiş etdirən əsas vasitələrdən biridir.
“Bahalı, brend geyimlər geyinən şagirdlərlə daha sadə geyimlərə üstünlük verən uşaqlar arasındakı görünən fərqin azalması onların özlərini daha bərabər hiss etməsinə şərait yaradır. Ümumiyyətlə, deyə bilərəm ki, məktəbli forması bütün hallarda vacibdir və bərabərliyin, eyniliyin, səliqənin təmin olunması deməkdir”, - deyə Lalə Mehralı əlavə edib.
Müxbir – Pərvanə Qafarova