Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb
Ankara, 15 oktyabr, AZƏRTAC
Türkiyənin Qars şəhərində Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında “Azərbaycan İncəsənəti Həftəsi” çərçivəsində Qars Qafqaz Universitetində “Azərbaycan Günü” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində universitetin Heydər Əliyev Təhsil Mərkəzinə Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi irsini əks etdirən kitablar və müxtəlif nəşrlər hədiyyə edilib, universitetdə fəaliyyət göstərən Azərbaycan dili bölməsinə baş çəkilib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dili və ədəbiyyatı sahəsində fəaliyyət göstərən akademik heyət və tələbələrlə görüşüb. Görüşdə Mərkəzin Türkiyədə Azərbaycan ədəbiyyatının və mədəni irsinin tanıdılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. Samir Abbasov Mərkəzin təşəbbüsü ilə Azərbaycan dilinin və ədəbiyyatının təbliği ilə bağlı layihələrin reallaşdırıldığını, habelə klassiklərin və müasir müəlliflərin çoxsaylı əsərlərinin Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunduğunu vurğulayıb.
Qafqaz Universitetinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin Azərbaycan türkcəsi və ədəbiyyatı üzrə akademik heyəti tərəfindən Türkiyədə ilk dəfə yaradılmış Azərbaycan türkcəsi və ədəbiyyatı istiqamətinin fəaliyyəti, tədris prosesi və əldə olunan nəticələr haqqında məlumat verilib. Professorlar İlkin Qulusoy və Hacıəli Nəcəfoğlu ana dilimizin və ədəbiyyatımızın təbliği, eləcə də gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
“Azərbaycan Günü” çərçivəsində Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə adına teatr salonunda görkəmli Azərbaycan ədibi və dramaturqu Mirzə Fətəli Axundzadəyə həsr olunmuş məlumat guşəsinin açılışı olub. Azərbaycanlı rəssam Arzu Əsgərov tərəfindən hazırlanmış Axundzadənin portreti və onun həyatını, ədəbi irsini, teatr sənətinin inkişafındakı qabaqcıl rolunu əks etdirən tanıtım lövhəsi universitetə hədiyyə edilib.
Açılış mərasimində Qafqaz Universitetinin Gözəl Sənətlər fakültəsinin dekanı, professor Mitat Durmuş və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mirzə Fətəli Axundzadənin zəngin yaradıcılığından, Azərbaycan dramaturgiyasının və teatr sənətinin inkişafındakı müstəsna xidmətlərindən, eləcə də Türk dünyasının mədəni həyatına verdiyi töhfələrdən bəhs ediblər.
Tədbirlər çərçivəsində universitetin kino salonunda Azərbaycan kinematoqrafçıları tərəfindən yeni çəkilmiş “Nargin sona qədər sirli” sənədli filmi nümayiş etdirilib.
Filmdə Azərbaycan - Türkiyə qardaşlığı və tarixin çətin sınaqlarında xalqımızın türk əsirlərə yardımından bəhs edilir.
“Azərbaycan Günü” çərçivəsində Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalovu və Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu qəbul edib. Görüşdə universitetdə Azərbaycanla bağlı keçirilən tədbir və layihələr yüksək qiymətləndirilib, Azərbaycanla Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafı, universitetlə Mədəniyyət Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.