İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Numizmatika Muzeyi.
İçərişəhər küçələri ilə addımlayarkən insan hər addımda əsrlərin izini hiss edir. XII əsrə aid tarixi-memarlıq abidəsi olan Aşur məscidinin daxilində yerləşən Numizmatika Muzeyi də keçmişin sirlərini kəşf etmək istəyənlər üçün belə unikal ünvanlardandır.
Muzeydə nümayiş etdirilən sikkələr ziyarətçiləri eradan əvvəl III əsrdən eramızın XX əsrinədək uzanan zəngin tarixi səyahətə çıxarır.
Ekspozisiyada numizmatika fonduna aid 200-dən çox sikkə təqdim olunur. Onların hər biri aid olduğu dövrün iqtisadi həyatı, ticarət əlaqələri və mədəniyyəti haqqında dəyərli məlumat verən qiymətli eksponatdır.
Bəs heç düşünmüsünüzmü, bir zamanlar insanların gündəlik alış-verişdə işlətdiyi bu sikkələr bu gün bizə nə qədər zəngin məlumat ötürə bilər? Onların üzərindəki təsvir və yazılar qədim dövlətlərin, hökmdarların və müxtəlif dövrlərin izlərini günümüzədək yaşadır.
Muzeyin yerləşdiyi Aşur məscidi də öz tarixi və memarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir. Beləliklə, ziyarətçilər burada yalnız qədim sikkələrlə tanış olmur, həm də İçərişəhərin zəngin memarlıq irsini yaxından kəşf edirlər.