Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Milli Kitabxanada Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş “Xalq artisti Ramiz Mustafayev - 100” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus dilində çap olunan ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunub.
Ramiz Mustafayev bəstəkarlıq və dirijorluqla yanaşı, təcrübəli pedaqoq və tanınmış ictimai musiqi xadimi kimi də fəaliyyət göstərib. Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2001-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.