İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
Bakı, 15 oktyabr, AZƏRTAC
Yaşıl iqtisadiyyat, alternativ enerji mənbələri və ekoloji yanaşmalar dünyada yeni inkişaf mərhələsinin – yaşıl sivilizasiyanın formalaşmasına zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumda çıxışı zamanı deyib.
O bildirib ki, yaşıl enerji və yaşıl iqtisadiyyat anlayışlarının genişlənməsi təkcə enerji sektorunda deyil, sənayedə, şəhərsalma və ətraf mühitin qorunması sahələrində də mühüm dəyişikliklərə yol açır. Bu baxımdan yaşıl sivilizasiya anlayışı ekoloji sivilizasiyadan daha geniş məzmun daşıyır və yeni inkişaf modelini ifadə edir.
Akademik qeyd edib ki, Azərbaycanda həyata keçirilən yaşıl inkişaf siyasəti müasir şəhərsalma ilə uzlaşdırılmalı, xüsusilə Qarabağda Böyük Qayıdış prosesi zamanı ekoloji tarazlığın qorunması, alternativ enerji mənbələrindən istifadə və dayanıqlı infrastrukturun yaradılması diqqətdə saxlanılmalıdır.
İ.Həbibbəyli vurğulayıb ki, Qarabağda bərpa və quruculuq işləri yalnız binaların tikilməsi və infrastrukturun yaradılması ilə məhdudlaşmır, eyni zamanda yaşıl dünyanın prinsiplərinə uyğun inkişafı da əhatə edir. Bu yanaşma gələcəkdə sağlam yaşayış mühitinin formalaşmasına və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Müxbir – Tünzalə Arazlı