ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
Gəncə, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələr üçün Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə miqrasiya qanunvericiliyinə dair maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi əcnəbi tələbələrin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi, ölkədə qalma və yaşama qaydaları, qeydiyyat prosedurları, eləcə də onların hüquq və vəzifələri barədə məlumatlandırılması olub.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları barədə ətraflı məlumat təqdim ediblər.
Görüş zamanı Azərbaycanda əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi məsələlərinə də toxunulub. Həmçinin, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri tələbələrin diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb, miqrasiya prosedurlarının düzgün və vaxtında həyata keçirilməsi ilə bağlı praktiki izahlar verilib.
Müxbir - Elcan Məmmədov