Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Çin paleontoloqları ölkənin cənub-şərqindəki Fujian əyalətində quşların ilkin təkamül tarixinə tamamilə yeni işıq salan qədim quş növünün qalıqlarını aşkar ediblər. Təxminən 150 milyon il əvvələ (Yura dövrünün sonuna) aid olan bu tapıntı quşların təkamül prosesinin əvvəllər düşünüləndən çox daha mürəkkəb olduğunu sübut edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının mətbuat xidməti məlumat yayıb. Alimlər bu qeyri-adi canlıya Çin mifik feniks quşu Yuej və tapıldığı Yanyuan kəndinin şərəfinə Yuezhuornis yangyuanensis adını veriblər. Aparılan tədqiqatlar göstərir ki, təxminən 50 sm uzunluğunda olan bu canlı müasir quşların əcdadları ilə eyni dövrdə yaşasa da, uça bilməyən və sırf quruda yaşayan bir növ olub. O, təkamül zamanı yırtıcı dinozavrlara (Deinonychus) daha çox bənzəməyə başlayıb.
Çin Elmlər Akademiyasının professoru Min Vanq tapıntı ilə bağlı bunları qeyd edib: "Yuezhuornis qalıqlarını öyrənəndə anatomik xüsusiyyətlərin heyrətamiz kombinasiyası bizi təəccübləndirdi. Canlı müasir quşlara xas olan çanaq və arxa ətraf anatomiyasına malik olsa da, kiçik yırtıcı dinozavrlara məxsus iti dişlərini və caynaqlarını qoruyub saxlayıb”.
Keçmişdə elm dünyası quşların təkamülündə əsas amilin uçmaq qabiliyyətini təkmilləşdirmək olduğunu, bu səbəbdən onların dişlərini itirib dimdik qazandıqlarını və sümüklərinin yüngülləşdiyini düşünürdü. Lakin Yuezhuornis yangyuanensis bu qaydaya böyük bir istisna gətirir.
Təhlillər göstərir ki, bu quşun ən yaxın qohumları uça bilən qədim quş cinsləri olsa da, onun öz əcdadları təkamül yollarını dəyişərək yenidən quruda qaçmağa uyğunlaşıb və uzaq dinozavr əcdadlarının bir çox xüsusiyyətlərini yenidən qazanıb. Bu kəşf Yura dövrünün sonlarında erkən quşlar üçün fərqli və şaxəli təkamül trayektoriyalarının mövcud olduğunu qəti şəkildə nümayiş etdirir.