Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər
Paris, 15 oktyabr, AZƏRTAC
Fransanın Luvr muzeyinin prezident-direktoru Kristof Leribo binanın təmir və modernləşdirilməsinə ehtiyac olduğunu bildirərək, əks halda muzeyin gələcəkdə ictimaiyyət üçün bağlana biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, o, “Le Figaro” qəzetinə müsahibəsində binanın texniki vəziyyətinin pisləşdiyini və ziyarətçi sıxlığının artdığını vurğulayıb.
K.Leribonun sözlərinə görə, köhnəlmiş avadanlıqlar, su sızmaları və istilik sistemindəki problemlər təcili tədbirlər görülməsini tələb edir. Bəzi tirlərdə dayanıqlılıq problemləri aşkar edildikdən sonra ilin əvvəlindən bağlanan Kampana qalereyasındakı minlərlə vazanın da möhkəmləndirmə işləri üçün başqa yerə köçürülməsi nəzərdə tutulur.
Muzeyin rəhbəri Prezident Emmanuel Makron tərəfindən elan edilən və dəyəri 600 milyon avro qiymətləndirilən “Luvr – Yeni İntibah” layihəsini müdafiə edib. Onun fikrincə, hər il 9 milyon ziyarətçini yalnız Piramida girişindən qəbul etmək artıq mümkün deyil. “Mona Liza” tablosuna olan böyük maraq isə muzeyin Denon qanadında sıxlığı daha da artırır.
Yeni girişin və sərgi zallarının 5-6 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Muzeyin tam modernləşdirilməsi isə 12–15 il çəkə bilər. Bununla belə, tikinti işlərinə başlanması növbəti hökumətin icazəsindən asılıdır. İşlərin muzey tam bağlanmadan - ayrı-ayrı bölmələrin növbə ilə təmir olunması yolu ilə aparılması nəzərdə tutulur.
Layihənin maliyyələşdirilməsi üçün K.Leribo xarici ölkələrdə sponsorlar axtarır. Hələlik heç bir maliyyə öhdəliyi rəsmiləşdirilməyib. O, muzeyin 2027-ci il büdcəsinin 3 milyon avro azaldılacağını nəzərə alaraq, giriş biletlərinin qiymətinin də “məqbul həddə” artırılması ehtimalını istisna etməyib.
Apollon qalereyasının qarət edilməsindən bir il sonra təhlükəsizlik məsələsi də əsas prioritet olaraq qalır. Muzeydə yeni müşahidə kameraları və qoruyucu sistemlər quraşdırılır. Kral tacı, digər qiymətli daş-qaşlar və bir sıra dəyərli əşyalar isə lazımi şərait təmin olunanadək təhlükəsiz yerdə saxlanılır.