Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur
Astana, 15 oktyabr, AZƏRTAC
Qazaxıstan paytaxtında kənd təsərrüfatında qadınların iqtisadi imkanlarının genişləndirilməsi mövzusunda beynəlxalq seminar keçirilir. Tədbirdə Azərbaycan nümayəndələri də iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, tədbir İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı (IOFS) tərəfindən Kənd Təsərrüfatında Qadınların İnkişafı Təşəbbüsü (WADI) çərçivəsində təşkil olunub.
Oktyabrın 15-də başlayan ikigünlük seminarda Mərkəzi Asiya və ərəb regionundan ölkələr təmsil olunur. İştirakçılar qadın sahibkarlığının inkişafı, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, maliyyə və bazarlara çıxışın artırılması məsələlərini müzakirə edəcəklər.
Tədbirin əsas mövzularından biri ölkənin 17 bölgəsindən 477 qadının iştirak etdiyi “Qadınlar Qazaxıstanın kənd təsərrüfatı və ərzaq sistemlərində” tədqiqatının nəticələri olub.
Tədqiqatın nəticələri Qazaxıstanın kənd təsərrüfatı-ərzaq sektorunda qadınlara dəstək olmaq üçün praktik tövsiyələrin hazırlanması və pilot layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq.
Tədbirdə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin, BMT Qadınlar Təşkilatının və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.
WADI təşəbbüsü İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin kənd təsərrüfatı-ərzaq sistemlərində qadınların iştirakını artırmağı hədəfləyir.