AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir
Bakı, 15 oktyabr, AZƏRTAC
Şəhərlərin inkişafı yalnız memarlıq komplekslərinin və mühəndis qurğularının inşası ilə məhdudlaşmamalı, ekoloji tarazlığın qorunması və sağlam ekosistemlərin yaradılması ilə müşayiət olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumda çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə böyük şəhərlərin üzləşdiyi ekoloji problemlər insanların sağlamlığına, fiziki aktivliyinə və gündəlik həyatına mənfi təsir göstərir. Bu baxımdan şəhər ekologiyasının yaxşılaşdırılması və insanların sağlam yaşaması üçün əlverişli mühitin formalaşdırılması dövlətlərin, hökumətlərin və alimlərin diqqət mərkəzindədir.
Ə.Sadıqov qeyd edib ki, tullantıların ətraf mühitə atılması, enerjidən həddindən artıq istifadə və istilik effektinin yaranması şəhərlərin qarşılaşdığı əsas ekoloji problemlərdəndir. Onun sözlərinə görə, Bakı son 15-20 ildə sürətli inkişaf yolu keçib və bu inkişaf prosesində ekoloji məsələlərin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.
Müxbir – Tünzalə Arazlı