Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub
Paris, 15 oktyabr, AZƏRTAC
Parisdə Azərbaycanın turizm və mədəniyyət potensialının, eləcə də beynəlxalq tədbirlərin keçirilməsi üçün cəlbedici məkan kimi imkanlarının tanıdılmasına həsr olunmuş peşəkar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycan Dostları Assosiasiyasının (AAA) və ECHAPEVOO agentliyinin əməkdaşlığı ilə təşkil olunan tədbirdə Parisdə fəaliyyət göstərən turizm sektorunun nümayəndələri iştirak ediblər.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Sevinc Mehdiyeva və AZAL-ın Fransadakı nümayəndəsi Kamran Kəlpəliyev iştirak ediblər.
Səfir Leyla Abdullayeva Azərbaycanın Fransada tanıdılmasına və iki ölkənin turizm və tədbir sənayesi nümayəndələri arasında əlaqələrin inkişafına töhfə verən təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin, AZAL-ın nümayəndələrinin və ECHAPEVOO agentliyinin rəhbəri Alia Boukrisin təqdimatları keçirilib.
Azərbaycanın zəngin tarixi və mədəni irsi, turizm imkanları, yüksəksəviyyəli turizm xidmətləri və beynəlxalq tədbirlərin təşkili potensialı diqqətə çatdırılıb.
Görüş Azərbaycanın Fransada turizm istiqaməti kimi tanıdılmasına, eləcə də iki ölkənin turizm və tədbir sənayesi arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edib.