Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir
Bakı, 15 oktyabr, AZƏRTAC
Uzun illər Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan və kəlağayının qadınlarımızın gündəlik həyatına qayıtmasına öz töhfəsini verən bir insan kimi milli ənənələrimizin qorunmasına xüsusi önəm verirəm. Bu gün gənclərin öz köklərini daha yaxından tanımağa, milli geyim elementlərindən istifadə etməyə maraq göstərməsi bizi sevindirir. Mədəni irs həyatımızın bir hissəsinə çevrildikcə yaşamaqda davam edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova deyib.
O bildirib ki, Azərbaycan milli geyimləri zəngin parçaları, çoxqatlı quruluşu, baş geyimləri və bəzəkləri ilə seçilir. Kəlağayı isə bu bağlılığı müasir geyimdə də yaşatmaq üçün gözəl bir vasitədir.
“Bu məqamda Azərbaycan satirik qrafikasının banisi, sənəti ilə ölməzlik qazanan rəssam Əzim Əzimzadənin ötən əsrin 30-cu illərində yaratdığı “Varlı evində toy” və “Kasıb evində toy” əsərlərini xatırlamaq istərdim. Bir-birini tamamlayan bu iki tabloda Azərbaycan evində qadın toyu bütün adət-ənənələri ilə təsvir olunur. Evlərin tərtibatı, qadınların geyimləri, zinət əşyaları və süfrələr arasında böyük fərq var. Hər iki evdə bayram ab-havası hökm sürsə də, sosial statusların yaratdığı fərqlər aydın görünür. Lakin hər iki tabloda qadınlara diqqətlə baxdıqda, mənsub olduqları təbəqədən asılı olmayaraq, onları birləşdirən ortaq bir geyim elementi görürük — kəlağayı. Mənim üçün kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən unikal bir rəmzdir”, — deyə Ə.Məlikova vurğulayıb.