Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
Ağdərə, 15 oktyabr, AZƏRTAC
Otuz üç illik ayrılıqdan sonra doğma yurda qayıtmaq, həsrətin çəkdiyin torpaqda yenidən həyata başlamaq... Ağdərə rayonunun Heyvalı kənd sakini Süleyman Abışov üçün bu qayıdış həm də doğma torpağa bağlılığın ifadəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köçkünlük illərində Bərdədə məskunlaşan Süleyman kişi bu ilin fevralın 2-də doğma Heyvalı kəndinə qayıdıb. İndi o, illərlə həsrətini çəkdiyi ocağında olmağın sevincini yaşayır. Kənddə yaradılan şəraitdən razılıq edən müsahibimizin övladları təsərrüfatla məşğul olur, mal-qara saxlayır, ailənin təsərrüfatını genişləndirirlər.
Süleyman Abışov üçün Heyvalı həm də xatirələrinin bağlı olduğu doğma məkandır. Kəndin meşələri, sərin bulaqları, saf havası onun üçün doğma yurdun əvəzsiz gözəllikləridir. Burada təsərrüfatını inkişaf etdirmək, torpağı əkib-becərmək və ailəsi ilə rahat yaşamaq ona böyük məmnunluq verir. Doğma torpağa qayıdışın sevincini yaşayan kənd sakini şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyir, kənddə üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirir.
Süleyman Abışovun həyat hekayəsi doğma yurda dönüşün insan üçün nə qədər böyük məna daşıdığını göstərir. Bu gün o, öz evində yaşayır, həyətində təsərrüfatını qurur, övladlarının zəhməti ilə dolanışığını təmin edir. Onun gözlərində doğma torpağa qayıtmağın sevinci, sözlərində isə minnətdarlıq və gələcəyə inam duyulur.
Müxbir – Tahir Ağaməmmədov