Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Norveçli futbolçu Erlinq Haaland UEFA Çempionlar Liqasında bir neçə rekorda imza ataraq “Mançester Siti”nin tarixinə düşüb.
AZƏRTAC xəbər verir ki, 26 yaşlı forvard turnirin liqa mərhələsinin II turunda Fransanın PSJ klubu ilə qarşılaşmada dubl edib. İngiltərə təmsilçisi bu oyunda 2:4 hesabı ilə məğlub olub.
Bu nəticə ilə Haalandın “Mançester Siti”nin heyətində Çempionlar Liqasında vurduğu qolların sayı 38-ə çatıb. O, bu göstəricidə 36 qola imza atan argentinalı veteran hücumçu Serxio Aqueronu geridə qoyaraq klub tarixinin turnirdə ən məhsuldar futbolçusu olub.
Bununla yanaşı, norveçli futbolçu İngiltərə klublarının heyətində Çempionlar Liqasında ən çox qol vuran oyunçuların siyahısında ikinci pilləyə yüksəlib. Bu göstəricidə yalnız “Liverpul”un sabiq hücumçusu Məhəmməd Salah onu qabaqlayır. Misirli futbolçunun hesabında 47 qol var. Siyahıda üçüncü yeri isə hərəyə 36 qol vuran Didye Droqba və Serxio Aquero bölüşürlər.
Haaland Çempionlar Liqası tarixində 60 qol həddinə ən tez çatan futbolçu kimi də tarixə düşüb. Norveçli hücumçu bu nəticəyə cəmi 60 matçda nail olub. Əvvəlki rekord Lionel Messiyə məxsus idi. Argentinalı futbolçu 60 qolu 80 oyunda vurub.
Bundan əlavə, Haaland turnirdə 60 qol həddinə çatan ən gənc futbolçu olub. O, bu göstəriciyə 26 yaş 85 günlüyündə nail olaraq Messini bir gün qabaqlayıb.
Qeyd edək ki, Erlinq Haaland cari mövsümdə bütün turnirlərdə keçirdiyi 9 matçda 10 qol vurub.