“Akasiya” qadın kooperativinin uğur hekayəsi
15 Oktyabr - Beynəlxalq Kənd Qadınları Günüdür
Qax, 15 oktyabr, AZƏRTAC
Qax rayonunda kənd təsərrüfatı ilə məşğul olan qadınlar aqrar sektorda mühüm uğurlara imza atırlar. Həm ailə qayğılarını, həm də ağır təsərrüfat işlərini uğurla idarə edən yerli xanımlar sıfırdan qurduqları təsərrüfatlarla artıq beynəlxalq layihələrdə də fəal təmsil olunurlar. Rayonda təşkilatlanaraq kooperativ və qadın qrupları formalaşdıran qadınlar, kənd təsərrüfatının müxtəlif istiqamətlərində dayanıqlı sahibkarlıq modelləri yaradırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Akasiya” qadın kooperativinin üzvləri 15 Oktyabr - Beynəlxalq Kənd Qadınları Günü ərəfəsində Qaxbaş kəndində bir araya gəliblər. Onlar Qlo Poladaşvilinin yay boyu tədarük etdiyi kənd təsərrüfatı məhsulları ilə tanış olublar. Üzvlərin hərəsi bir kənddəndir, amma vaxtaşırı bir araya gəlirlər. Təcrübə və fikir mübadiləsi aparır, görülən və görüləcək işləri müzakirə edir, hazırladıqları məhsulların keyfiyyəti və dadı ilə maraqlanırlar.
Kooperativin rəhbəri Dilarə Əhmədova uzun illərdir şəhərdə yaşasa da, kənddən və təsərrüfatdan heç vaxt uzaqlaşmayıb. Qadın qruplarını bir araya gətirən, kooperativin təsisinə səbəb olan da onun səyləridir. Bu günlərdə Qaxda keçirilən festivalda komanda istehsal etdiyi məhsulları satışa çıxarıb. Nəticədən də razıdırlar.
Dilarə xanımdan kooperativə niyə məhz “Akasiya” adlandırdıqlarını soruşuruq.
“Akasiya ağacı dünyanın hər yerində bitir, tələffüzdə də hər yerdə akasiya kimi səslənir. Üstəlik, qadın qruplarının rəhbərləri ilə görüşəndə onlarla da məsləhətləşdik, bu adı hamı bəyəndi. Akasiyanın əvvəlcə tumurcuqları görünür, sonra çiçəkləri yavaş-yavaş açılır, salxım tam birləşəndə daha da gözəlləşir. Gülləri çox gözəl görünür, bar verdikcə başını aşağı salır. Yəni nə qədər gözəl olsam, nə qədər bar versəm, bir o qədər də təvazökar olmalıyam”, - deyə o izah edir.
Dilarə Əhmədova onu da bildirir ki, Qax multikultural və tolerant rayondur. Buna görə də kooperativi qurarkən müxtəlif xalqların nümayəndələrinə üstünlük veriblər.
Komanda üzvləri ilə birlikdə Qlo Poladaşvilinin təsərrüfatını gəzirik. Burada istənilən bostan-tərəvəz məhsuluna rast gəlmək olar. Pomidor, bibər, xiyar, badımcan oktyabrın bu günlərinə qədər yetişir. Ev sahibi bunlardan turşu və mürəbbə də hazırlayıb.
“Uzun illərdir öz təsərrüfatımda çiyələk, xiyar, pomidor, badımcan, bibər və digər məhsullar yetişdirir, onlardan turşu və mürəbbə hazırlayırdım. Kooperativ yaratmaq təklifi gələndə məmnuniyyətlə qatıldım. İndi tək deyilik, komanda kimi çalışırıq. Bir çox sərgi və festivalda iştirak etmişik, məhsullarımızı təqdim edirik. Satışımız da artıb”, - deyə Qlo xanım bildirir.
Kooperativin üzvləri arasında bölgəyə xas fındıq istehsalı ilə məşğul olan qadın qrupu da var. Qrupun rəhbəri Ruhəngiz Orucova Tasmalı kəndində yaşayır, qrupda on üzv çalışır. Onların hazırda 50 hektara yaxın fındıq bağı var. Ruhəngiz xanımın sözlərinə görə, kooperativə daxil olandan sonra işləri xeyli irəliləyib. Bir sıra yerli və beynəlxalq layihələrdə iştirak edərək mal və avadanlıq əldə ediblər. Məqsədləri fındıq bağlarının sahəsini artırmaq, eyni zamanda, təsərrüfatlarında emal işləri qurmaq və məhsuldan müxtəlif məmulatlar hazırlamaqdır.
Komandanın gənc üzvü Gülanə Məmmədli rayonun Güllük kəndində yaşayır. O, quşçuluq təsərrüfatı ilə gələcək biznesini qurub. Bir neçə cücə ilə başladığı təsərrüfatda indi min başdan çox quş bəsləyir. Gülanə xanım deyir ki, fərdi fəaliyyət göstərəndə satışlar az olurdu. Son aylarda isə Qaxda bir neçə sərgi və festivalda iştirak ediblər və alıcıların sayı xeyli artıb. Gələcəkdə təsərrüfatında müasir avadanlıq quraşdırıb daha keyfiyyətli xidmət göstərmək istəyir. Digər kooperativ üzvləri bu işdə ona yaxından dəstək olurlar.
Qaxlı kənd qadınları bir araya gələrək həm gələcək planlarını, həm də kooperativin fəaliyyətini və birgə layihələri müzakirə edirlər. Artıq ayrı-ayrı qruplar kimi deyil, vahid kooperativ kimi çıxış edir, yerli bazarlara, sərgi və festivallara yollanırlar. Eyni zamanda, xarici bazarlara çıxış imkanlarını da araşdırırlar.
Müxbir - Rasim İslamoğlu