İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir
Bakı, 15 oktyabr, AZƏRTAC
Şəhərlərin dayanıqlı inkişafı ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin mühafizəsi və insan sağlamlığına təsir edən ətraf mühit amillərinin elmi əsaslarla qiymətləndirilməsindən asılıdır.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumda çıxışı zamanı deyib.
O bildirib ki, atmosfer havasının çirklənməsi, səs-küy, həddindən artıq istilik və təbii mühitlə təmasın azalması insan sağlamlığına mənfi təsir göstərən əsas amillərdəndir. Bu problemlərin həlli biologiya, ekologiya, tibb və şəhərsalma sahələri arasında elmi əməkdaşlığın gücləndirilməsini tələb edir.
Akademik qeyd edib ki, şəhərlərin planlaşdırılmasında yaşıl və mavi infrastrukturun inkişafı, təbii ekosistemlərin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və yerli iqlim şəraitinə uyğun bitki növlərinin seçilməsi mühüm əhəmiyyət daşıyır.
İ.Hüseynova vurğulayıb ki, şəhər mühitində ekoloji risklərin qiymətləndirilməsi və insan sağlamlığının qorunması “Vahid sağlamlıq” və “Planetar sağlamlıq” konsepsiyalarının tətbiqini zəruri edir.
O əlavə edib ki, simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Slovakiya, İran, Pakistan, Ukrayna, Qazaxıstan və Avstraliyanın universitet və elmi-tədqiqat müəssisələrini təmsil edən alimlərin araşdırmalarını əhatə edən 110 tezis daxil olub. Tədbir şəhər ekologiyası, biomüxtəlifliyin qorunması və sağlam urban mühitinin formalaşdırılması istiqamətində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Müxbir – Tünzalə Arazlı