İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir
Ağdam, 15 oktyabr, AZƏRTAC
2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən hesabat dövründə "ASAN xidmət", "ASAN Kommunal" mərkəzləri, KOB evləri və elektron xidmətlər vasitəsilə istehlakçılardan ümumilikdə 272 min 892 müraciət qəbul edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov Ağdamda keçirilən mətbuat konfransında deyib.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "ASAN xidmət", "ASAN Kommunal" mərkəzlərində, KOB evlərində və elektron platformalar vasitəsilə göstərdiyi xidmətlərin 2026-cı ilin ilk 9 ayı üzrə yekunları, həyata keçirilən yeniliklər və qarşıya qoyulan əsas hədəflər barədə məlumat verən İ.Yusifov bildirib ki, hazırda istehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir. Onun sözlərinə görə, bu xidmətlərdən elektron qaydada istifadə imkanının yaradılması müraciət prosesini sadələşdirir, vətəndaşların vaxtına qənaət edir və xidmətlərə çıxış imkanlarını genişləndirir.
İnam Yusifov qeyd edib ki, ölkəmizdə dövlət və kommunal xidmətlərin vahid rəqəmsal platformalarda birləşdirilməsi istiqamətində mühüm addımlar atılır: “Bu prosesdə "myGov" portalı vətəndaşların müxtəlif xidmətlərdən vahid məkanda yararlanması baxımından əhəmiyyətli rol oynayır. “Azərişıq” ASC-nin xidmətlərinin bu platformaya inteqrasiyası istehlakçıların elektrik enerjisi ilə bağlı məlumatlara çıxışını və müvafiq xidmətlərdən istifadə imkanlarını asanlaşdırır”.
Bildirilib ki, elektron xidmətlərin genişləndirilməsi vətəndaşlar və sahibkarlar üçün vaxta qənaət etməklə yanaşı, regionlarda yaşayan istehlakçıların xidmətlərə əlçatanlığını da artırır. Eyni zamanda, müraciətlərin daha operativ və şəffaf şəkildə icrasına şərait yaradır.
Rəqəmsallaşma istiqamətində atılan addımların davamı olaraq, qeyri-əhali istehlakçılarının elektrik şəbəkəsinə qoşulması yalnız onlayn qaydada həyata keçirilir. Bu yanaşma müraciət prosesinin sadələşdirilməsinə, xidmətlərin daha səmərəli təşkilinə və elektron xidmətlərdən istifadənin təşviqinə xidmət edir.
İ.Yusifov deyib ki, "Azərişıq” ASC üçün əsas prioritetlərdən biri yalnız qəbul edilən müraciətlərin sayı deyil, həm də onların keyfiyyətlə, operativ və şəffaf şəkildə icra olunmasıdır: “Bu məqsədlə xidmətlərin təkmilləşdirilməsi, müraciət prosedurlarının sadələşdirilməsi və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk. Qarşıdakı dövrdə də əsas hədəfimiz müasir texnologiyaların imkanlarından istifadə etməklə xidmət keyfiyyətini yüksəltmək, istehlakçıların xidmətlərə çıxışını asanlaşdırmaq və məmnunluq səviyyəsini davamlı şəkildə artırmaqdır”.
Müxbir – Tahir Ağaməmmədov