Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Xəzər İnşaat Həftəsinin ikinci günündə “Rebuild Garabagh” – 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı Hikmət Babaoğlu, “ASAN Radio və TV”nin direktoru Emin Musavi, Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnologiya jurnalisti Fərid Pərdəşünas çıxış ediblər.
Müzakirədə Qarabağ həqiqətlərinin rəqəmsal mühitdə qorunması və yayılması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi, eləcə də müasir texnologiyaların bu prosesdə rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycan dilinin rəqəmsal imkanlarının genişləndirilməsi, tarixi irsin rəqəmsallaşdırılması və Qarabağda aparılan bərpa-quruculuq işləri ilə Böyük Qayıdış prosesinin obyektiv işıqlandırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin gənclərin informasiyanı əsasən sosial şəbəkələrdən əldə etməsi nəzərə alınaraq, bu platformalarda milli kimliyin və tarixi yaddaşın qorunmasının vacibliyi qeyd olunub.
Panel iştirakçıları süni intellektin informasiya mühitinə təsirinə də toxunublar. Bildirilib ki, süni intellekt dezinformasiyanın yayılmasını sürətləndirməklə yanaşı, saxta məzmunların aşkarlanmasına da kömək edə bilər. İdeoloji immunitetin gücləndirilməsi məsələsindən də bəhs edilib, bunun üçün tarixi biliklərin, kollektiv yaddaşın, tənqidi düşüncənin və informasiya savadlılığının gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Müzakirədə informasiyanın operativ və etibarlı şəkildə yayılması, ənənəvi media ilə sosial şəbəkələr arasında əməkdaşlığın əhəmiyyəti və Qarabağla bağlı etibarlı materialların vahid platformada toplanması məsələləri də diqqətə çatdırılıb. Eyni zamanda, süni intellekt vasitəsilə yaradılan saxta audio və videomaterialların yoxlanılması, yanlış məlumatların faktlarla təkzib edilməsi və məzmun yaradıcılarının məsuliyyətinin artırılması məsələləri müzakirə olunub.