“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı
Zaqatala, 15 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanda daxili sabitlik və əmin-amanlıq tam təmin edilsə də, ölkə xaricindən yönələn fiziki və ideoloji təzyiqlərə qətiyyətlə adekvat cavab verilir və milli təhlükəsizliyin qorunması məqsədilə qabaqlayıcı tədbirlər davamlı şəkildə həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Zaqatalada Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirədə səsləndirilib.
Müşavirədən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında bildirib ki, mürəkkəb siyasi şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və milli inkişaf strategiyasının formalaşmasında müstəsna rol oynayıb. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin, dövlətçilik ənənələrinin gənc nəslə aşılanmasının, elmin və təhsilin inkişafının vacibliyini vurğulayan Mübariz Əhmədzadə müasir dövrdə informasiya və kibertəhlükəsizliyin gücləndirilməsinin, gənclərin milli maraqlar və dövlətçilik prinsipləri əsasında maarifləndirilməsinin də mühüm vəzifələrdən olduğunu bildirib.
Rayon icra hakimiyyəti başçısın müavini Vəfa Süleymanova çıxışında müasir informasiya mühitində dezinformasiya və manipulyasiyalara qarşı mübarizənin əhəmiyyətinə toxunub. O, gənclərin rəqəmsal və informasiya savadlılığının artırılmasının, tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsinin, milli dəyərlərə bağlılıq və vətəndaş məsuliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. Vəfa Süleymanova bir çox xalqların əsrlərdir birlik-bərabərlik şəraitində yaşadığı Zaqatalada multukultural dəyərlərə sayğı göstərildiyini, tolerantlıq mühitinin formalaşdığını, ailə və nəsillərin qırılmaz tellərlə bağlandığını diqqətə çatdırıb.
Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva təbliğat və maarifləndirmə işinin formal tədbirlərlə məhdudlaşmadan, real faktlara və cəmiyyətin ehtiyaclarına əsaslanmalı olduğunu bildirib. Dövlət siyasəti, tarixi həqiqətlər və ölkənin inkişaf göstəricilərinin ictimaiyyətə aydın və əsaslandırılmış şəkildə çatdırılmalı olduğunu deyən sektor müdiri təhsil müəssisələrində şagird və tələbələrin informasiya savadlılığının artırılmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xüsusi diqqət yetiriməyin vacibliyindən danışıb, bu istiqamətdə görüləcək tədbirləri sadalayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru Raqif Qasımov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkənin siyasi, iqtisadi və təhlükəsizlik prioritetlərini müəyyənləşdirdiyini vurğulayıb.
Rayon Ağsaqqallar Şurası sədrinin müavini Tahir Məmmədov YAP-ın qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərin həlli istiqamətində hər kəsin səfərbər olmasını diqqətə çatdırıb. Sədr müavini bildirib ki, yerli icra nümayəndəlikləri, bələdiyyələr, təhsil müəssisələri, ziyalılar və ictimaiyyət nümayəndələri bu işdə fəal iştirak etməli, əhali ilə müntəzəm görüşlər keçirilməli, vətəndaşların müraciət və qayğılarına həssas yanaşılmalıdır. İnformasiya və ideoloji təhdidlərin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar arasında əməkdaşlıq gücləndirilməli, profilaktik və maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilməlidir.
Şəhid Yunis Abbasovun həyat yoldaşı Əfsanə Abbasova VIII Qurultayda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji istiqamətlərin müasir dövrün çağırışları baxımından əhəmiyyətini qeyd edərək, bu hədəflərin reallaşdırılmasında hər kəsin üzərinə düşən məsuliyyətə diqqət çəkib. Şəhid xanımı əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra keçirilən qurultay ölkənin yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə iştirakçılarına sonsuz diqqət və qayğısıdan da söz açıb. Əfsanə Abbasova şəhid ailələrinə, onların əmanəti olan övladlarına, valideynlərinə, qazi və müharibə iştirakçılarına səslənərək bildirib ki, dövlətimizi yad ünsürlərdən və təhlükələrdən qorumaq üçün hər zaman həmrəylik göstərməli, Prezidentin ətrafında yumruq kimi birləşdiyimizi hər kəsə əyani şəkildə nümayiş etdirməliyik.
Müxbir - Rasim İslamoğlu