NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov və Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında görüş keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə təhsil infrastrukturunun inkişafı, müasir texnologiyaların tətbiqi, elmi-tədqiqat imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təhsil naziri Ovni Muradov muxtar respublikada 211 ümumtəhsil məktəbinin və üç peşə məktəbinin fəaliyyət göstərdiyini bildirib. O, məktəblərin elektron lövhə və müasir avadanlıqlarla təchiz olunmasının, eləcə də Prezident İlham Əliyevin 12 avqust tarixli Sərəncamına əsasən, beş məktəbəqədər təhsil müəssisəsinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Rektor Elbrus İsayev universitetin 60 illik inkişaf yolundan, təhsil və elmi-tədqiqat potensialından, beynəlxalq əlaqələrindən və gələcək hədəflərindən danışıb. Hazırda universitetdə 15 mindən çox tələbənin təhsil aldığını, bunun isə 6 minə yaxınının ölkənin digər regionlarından və dünyanın 30 ölkəsindən gələn tələbələr olduğunu bildirən rektor 12 ixtisas üzrə tədrisin ingilis dilində aparıldığını, biotexnologiya, aqronomluq və bitki mühafizəsi sahələrində təhsil imkanlarının genişləndirildiyini də qeyd edib.
Universitetin elm və innovasiya potensialından bəhs edən Elbrus İsayev Süni İntellekt, Proqramlaşdırma və İnnovasiya mərkəzlərinin, Nəbatat bağının və iki rəsədxananın fəaliyyətini haqqında məlumat verib. Universitet komandasının startap layihələri üzrə altı dəfə Azərbaycan çempionu olduğunu bildirən rektor növbəti mərhələdə komandanın dünya çempionluğunu hədəflədiyi bildirib. Bundan əlavə rektor məzunların 74 faizinin öz ixtisası üzrə çalışdığını, bəzi ixtisaslarda isə məşğulluq göstəricisinin 100 faizə çatdığını vurğulayıb.
Elbrus İsayev elmi-tədqiqatların kənd təsərrüfatı, bitki mühafizəsi, torpaq ehtiyatları, meliorasiya və turizm kimi sahələri əhatə etdiyini, İstanbul Texniki Universiteti ilə nanotədqiqatlar üzrə əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb. O, həmçinin universitetin beş beynəlxalq kitab platforması vasitəsilə 50 milyon kitab resursuna çıxış imkanının olduğunu bildirib.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal Naxçıvan Dövlət Universiteti haqqında əldə etdiyi məlumatların onda böyük maraq doğurduğunu bildirib, universitetin təhsil, elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq potensialını yüksək qiymətləndirib.
Görüşdə rəqəmsallaşmaya dair təlimlərin təşkili, laboratoriyaların müvafiq avadanlıqlarla təmin olunmasına dəstək göstərilməsi və biotexnologiya laboratoriyalarının fəaliyyətinin inkişaf etdirilməsi imkanları da müzakirə olunub.
Sonda təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Müxbir- Nail Əsgərov