BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Ailələrlə klinik sosial iş” fənni çərçivəsində “Klinik sosial iş” ixtisası üzrə magistrantların “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimatı dinlənilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sosial iş kafedrasının dosenti Rəna Məmmədovanın elmi rəhbərliyi ilə hazırlanan təqdimatda magistrantlar Günel Umudova, Fateh Mustafazadə, Saycan Adıgözəlli, Aytac Qasımova, Nərgiz Məmmədova, Sevilə Xəlilova, Akif Əlizadə, Milanə Şirəlizadə, Nəzrin Həsənzadə və Fatimə Manafova çıxış ediblər.
Səkkiz bölmədən ibarət təqdimatda HİV/QİÇS diaqnozunun ailədaxili münasibətlərə təsiri konkret klinik nümunələr əsasında təhlil olunub. “Anam artıq mənə toxunmur” adlı klinik nümunədə diaqnoz qoyulduqdan sonra 18 yaşlı gəncin ailəsində üzləşdiyi psixoloji çətinliklər və münasibətlərdə baş verən dəyişikliklər araşdırılıb. Digər nümunədə isə 29 yaşlı qadının diaqnozunu ailəsindən gizlətməsinin səbəbləri klinik sosial iş baxımından təhlil edilib.
Təqdimatda müasir tibbi müalicə nəticəsində virus yükünün davamlı olaraq aşkarlanmayan səviyyəyə düşməsi halında HİV-in cinsi yolla ötürülmədiyini ifadə edən “Aşkarlanmayan = Ötürülməyən” (U=U) prinsipi diqqətə çatdırılıb. Eyni zamanda, HİV-lə yaşayan şəxslərə qarşı damğalanmanın aradan qaldırılmasının vacibliyi vurğulanıb və “HİV-lə bağlı damğalanmaya son” (“END HIV STIGMA”) çağırışı səsləndirilib.
Təqdimat klinik sosial işin HİV-lə yaşayan şəxslərə və onların ailələrinə psixososial dəstəyin göstərilməsində, müvafiq xidmətlərə yönləndirilməsində və dəstək prosesində müşayiət olunmasında rolunu ön plana çıxarıb.