Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur
Berlin, 15 oktyabr, AZƏRTAC
Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Sammiti işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ikigünlük toplantıda iqtisadi rəqabətqabiliyyətliliyin artırılması, enerji qiymətlərinin təsirinin azaldılması, Ukraynaya dəstək, Avropanın müdafiə hazırlığı, miqrasiya, Aİ-nin genişlənməsi və Yaxın Şərqdəki vəziyyət müzakirə olunur.
Geosiyasi qeyri-müəyyənliyin artdığı şəraitdə liderlər yüksək enerji qiymətlərinin və qlobal makroiqtisadi disbalansların Avropa sənayesinə təsirinin azaldılması yollarını nəzərdən keçirirlər. Avropa Komissiyasına enerji xərclərinin vətəndaşlar və biznes üçün təsirini yüngülləşdirən hədəfli, müvəqqəti tədbirlərlə bağlı istiqamətlərin verilməsi, eləcə də fosil yanacaqlardan asılılığın uzunmüddətli azaldılması diqqət mərkəzindədir. “Vahid Avropa, vahid bazar” gündəliyinin icrası da müzakirə edilir.
Sammitin mühüm mövzularından biri 2028-2034-cü illəri əhatə edən çoxillik büdcədir. Aİ Şurasının Prezidenti Antonio Koşta 2026-cı ilin sonunadək yekun razılaşmaya zəmin yaradacaq əsas elementlər üzrə irəliləyişin vacibliyini vurğulayıb.
Ukraynaya davamlı dəstək, qış öncəsi kritik infrastrukturun ehtiyacları, Avropadakı hibrid hücumlar və müdafiə imkanlarının gücləndirilməsi də gündəmdədir. Liderlər, həmçinin miqrasiya siyasətini, Aİ-nin genişlənməsi və institusional islahatları müzakirə edəcək, Monteneqro ilə üzvlük danışıqlarının ilin sonunadək yekunlaşdırılması perspektivini nəzərdən keçirəcəklər.
Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələrdə dəniz təhlükəsizliyi və naviqasiya azadlığına xüsusi diqqət yetiriləcək. Bu məsələlər enerji, gübrə və ərzaq təchizatı da daxil olmaqla qlobal təchizat zəncirləri üçün əhəmiyyət daşıyır.
Sammitin nəticələri Aİ-nin iqtisadi dayanıqlılığını, təhlükəsizlik imkanlarını və strateji müstəqilliyini gücləndirmək istiqamətində atılacaq addımlar baxımından mühüm əhəmiyyət kəsb edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin