Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb
Astara, 15 oktyabr, AZƏRTAC
Astara şəhərinin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb, bəzi ərazilərdə isə suyun təzyiqi aşağı düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, problem Lənkəran–Astara magistral içməli su xəttinin 710 millimetrlik borusunda baş verən qəza nəticəsində yaranıb. Borudan sızan su əraziyə yayılıb, nəticədə magistral xətdə təzyiq aşağı düşüb və Astara şəhərinin bir hissəsində suyun verilişi dayanıb.
Astara Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Fərid Yusifovun bildirdiyinə görə, qəzanın aradan qaldırılması üçün ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib. Müsbət cavab alındıqdan sonra əraziyə ağır texnika və işçi heyəti cəlb olunub.
Aparılan işlər zamanı qəzanın yeri müəyyənləşdirilib, 710 millimetrlik içməli su borusunda yaranan sızma xamut vasitəsilə bağlanıb.
Görülən tədbirlər nəticəsində qəza tam aradan qaldırılıb, boru kəmərinin üzəri torpaqla örtülüb.
Müxbir - İlkin Adıyev