AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinə təsir göstərən əsas amillərdən biri təşkilata üzv dövlətlər arasında mövcud olan ciddi siyasi ziddiyyətlər və fikir ayrılıqlarıdır. Hindistan-Pakistan, İran-İsrail münasibətləri bu baxımdan səciyyəvi nümunələrdir. Belə mürəkkəb geosiyasi münasibətlər təşkilat çərçivəsində ortaq mövqenin formalaşdırılmasını, konsensus əsasında qərarların qəbulunu və konkret nəticələrin əldə olunmasını çətinləşdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
“Bununla yanaşı, burada diqqətçəkən bir paradoks da mövcuddur. Belə ki, AQEM-in yaradılmasının başlıca məqsədlərindən biri məhz dövlətlər arasında mövcud olan ziddiyyətlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə yumşaldılması, etimad mühitinin gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Beləliklə, təşkilat daxilindəki siyasi fikir ayrılıqları bir tərəfdən onun fəaliyyətini məhdudlaşdıran amil kimi çıxış etsə də, digər tərəfdən AQEM-in mövcudluğunu və dialoq platforması kimi əhəmiyyətini şərtləndirən əsas səbəblərdən biridir. O ki qaldı, Azərbaycanın bu qurum daxilindəki mövqeyinə və ona sədrliyinə, bu, artıq məsələnin tamamilə başqa tərəfidir. Sözsüz ki, Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal siyasi proseslərdə rolunun getdikcə artmasının daha bir göstəricisidir. Çin, Hindistan, Rusiya, Türkiyə və Cənubi Koreya kimi nəhəng siyasi və iqtisadi güclərin də təmsil olunduğu AQEM-in 28 üzv dövləti Asiya qitəsinin ərazisinin və əhalisinin təxminən 90 faizini əhatə edir. Bu miqyasda beynəlxalq platformanın zirvə görüşünə Bakının ev sahibliyi etməsi Azərbaycanın qlobal səviyyədə də mühüm diplomatik və siyasi dialoq mərkəzlərindən birinə çevrildiyini göstərir. Hesab edirəm ki, bu tədbirin iqtisadi əhəmiyyəti də siyasi əhəmiyyətindən heç də az deyil. Birincisi, dünya iqtisadiyyatının ağırlıq mərkəzi getdikcə Asiyaya doğru dəyişir. Qlobal istehsalın, beynəlxalq ticarətin, investisiyaların və texnologiyaların mühüm hissəsi bu regionda cəmləşir. Azərbaycan üçün belə bir platformada fəal iştirak dünyanın ən böyük iqtisadiyyatları ilə əməkdaşlığın genişləndirilməsi baxımından əlavə imkanlar yaradır.
İkincisi, nəqliyyat və logistika imkanlarıdır. Dünya Bankının sentyabr ayında açıqladığı yeni araşdırmaya görə, zəruri investisiyalar və islahatlar həyata keçirilərsə, 2040-cı ilə qədər Orta Dəhliz üzrə ticarət həcmi üç dəfədən çox arta, daşınma müddəti yarıya enə və dəhliz ölkələrində 2 milyon əlavə iş yeri yarana bilər”, - deyə o bildirib.
İqtisadçı qeyd edib ki, Azərbaycan üçün burada ən vacibi tranzit yüklərinin artmasında daha yox, həmin yüklər ətrafında logistika, emal sənayesi, anbar təsərrüfatı və digər xidmət sahələrinin inkişafı hesabına daha böyük əlavə dəyər yaratmaqdır: “Üçüncüsü, maliyyə və investisiya əməkdaşlığıdır. Azərbaycanın AQEM-ə sədrliyi dövründə ilk Maliyyə Sammitinin keçirilməsi də bu baxımdan əhəmiyyətlidir. Çünki Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi böyük infrastruktur layihələri, yeni investisiyalar və maliyyə əməkdaşlığı tələb edir. Bütün bunlar göstərir ki, Azərbaycanın artan siyasi nüfuzu ölkəmiz üçün yeni iqtisadi imkanlar da formalaşdırır. İndi qarşıdakı məqsəd isə həmin siyasi nüfuzu daha çox investisiyaya, daha geniş ticarət əlaqələrinə və nəticə etibarilə real iqtisadi dividendlərə çevirməkdir”.