I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
“Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunan I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində "İctimai birlik və məşğulluq siyasətləri" adlı üçüncü panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov moderatorluq edib.
Panel sessiyada çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslərlə əlaqədar bir sıra stimullaşdırıcı tədbirlər mövcuddur və əlilliyi olan vətəndaşların işlə təmin olunmasına diqqət yetirilir: "Bununla bağlı müxtəlif stimullaşdırıcı alətlər mövcuddur, məsələn, kvotalar tətbiq olunur və onların işçilərin sayına görə diferensial faizlərlə tətbiq edilməsi nəzərdə tutulur. Kvotaların dövlət sektorunda da tətbiq olunması çox vacibdir. Digər stimullaşdırıcı alətlərin də tətbiq edilməsi vacibdir. Gəlir vergisindən azadolunma halları var. Müharibə əlilliyi olan vətəndaşların hüquqları daha çoxdur. Eyni zamanda, bir çox məzun hər il oxşar sahələrdə işlə təmin edilir, yəni praktiki olaraq fəaliyyətlər mövcuddur. Təşviqedici və stimullaşdırıcı alətlərlə yanaşı, məlumatlandırma və maarifləndirmə işlərinin aparılması vacibdir. Biznesin sosial məsuliyyətinin artırılması tələb edilir, çünki cəmiyyət inklüziv olanda daha dayanıqlı inkişaf edir".
Beynəlxalq ekspert Yahya Zuhir deyib ki, ölkələrdə inklüziv məşğulluğun tətbiqi düşünüldükdə və ya bu istiqamətdə fəaliyyətə başladıqda, ilk növbədə, iri şirkətlərə üstünlük vermək lazımdır: "İmkan daxilində dövlət şirkətlərinə diqqət yetirmək lazımdır.
Qətər və Birləşmiş Ərəb Əmirliklərində həyata keçirdiyimiz layihələrdən nümunələr gətirəcəyəm. Bu ölkələrdə çox uğurlu təcrübəmiz və yaxşı nəticələrimiz olub. İri şirkətlərə üstünlük verməyin səbəbi onların çoxsaylı işçi heyətinə malik olması və fəaliyyətlərinin müəyyən struktura uyğun qurulmasıdır. Belə şirkətlərdə iş proseslərinin bütün mərhələləri, eləcə də iş şəraitinin uyğunlaşdırılması və idarəetmə mexanizmləri aydın şəkildə müəyyən edilir. Kiçik şirkətlərdə isə strukturlaşma ilə bağlı problemlər yarana bilər".
Türkiyənin Sobe şirkətinin nümayəndəsi Alperen Sağdıç bildirib ki, yerli özünüidarəetmə orqanı ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən bir model yaradıblar və bunu bələdiyyənin törəmə müəssisəsi kimi də xarakterizə edə bilər: "Hazırda 400 şagirdimiz var. Bu şagirdlərin arasında ən kiçiyi 10 aylıqdır, ən böyüyünün isə 45 yaşı var. Ailələrin ehtiyacları dəyişdikcə xidmətlərimiz də genişlənib. Əvvəlcə ailələr təhsil almaq üçün bələdiyyəyə müraciət ediblər. Həmin uşaqlar böyüyüblər və artıq işə ehtiyacları yaranıb. Biz də onlar üçün məşğulluq imkanları yaratmağa çalışmışıq. Hazırda 12 autizmli şagirdimiz müxtəlif müəssisələrdə faktiki olaraq işləyir".
Onun sözlərinə görə, autizmli şəxslərin məşğulluqda az iştirak etməsini onların bacarıqsızlığı ilə əlaqələndirmək olmaz: "Autizmli bir yetkinə müvafiq təlim keçmədən onun müəyyən işi bacarmadığını söyləmək nə reallığa uyğundur, nə də düzgün yanaşmadır. Bu gənclərə fürsət verildikdə nələrə qadir olduqlarını bir çox nümunədə görmüşük. Ona görə də hesab edirəm ki, əsas problem cəmiyyətin bu sahədə məlumatlılığının və maarifləndirilməsinin aşağı səviyyədə olmasıdır. Təəssüf ki, autizmli şəxslərə hələ də əqli məhdudiyyəti olan insanlar kimi yanaşılır".
Panel sessiya sual-cavabla işini yekunlaşdırıb.
Müxbir- Günel Türksoy