Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müşavirə iştirakçıları müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müşavirədə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələr barədə ətraflı məlumat verib.
Dövlət başçısının nitqində xüsusi qeyd olunan milli həmrəyliyin gücləndirilməsi, ordu quruculuğu, təhlükəsizlik tədbirlərinin və xarici təhdidlərə qarşı ideoloji dayanıqlığın ən yüksək səviyyədə təmin edilməsi məsələləri geniş şəkildə nəzərdən keçirilib.
Postmünaqişə dövrünün tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası, “Böyük Qayıdış” Proqramı çərçivəsində qarşıya qoyulan genişmiqyaslı hədəflər və ölkəmizin dayanıqlı iqtisadi tərəqqisi barədə də məlumat verilib. Qeyd olunub ki, bu qlobal layihələrin, eləcə də əhalinin rifahının yaxşılaşdırılmasını hədəfləyən sosial-iqtisadi islahatların rayonda uğurla həyata keçirilməsi idarəetmə orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Müzakirələr zamanı qurultaydan irəli gələn ideoloji çağırışların yerlərdə geniş təbliğ olunmasının, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin və xarici zərərli təbliğata qarşı cəmiyyətdə ayıq-sayıqlığın artırılmasının zəruriliyi qeyd edilib.
Fotoqraf - Aydın Məmmədov