Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) Kamboca Krallığının poçt və telekommunikasiya naziri Çea Vandeth ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov arasında ikitərəfli görüş keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Kamboca nümayəndə heyəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Qonaqlara mərkəzin tədris proqramları, kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib. Nümayəndə heyəti mərkəzin təlimçiləri və tələbələri ilə söhbət aparıb.
Daha sonra keçirilən görüşdə Azərbaycanın rəqəmsal inkişafı sahəsində qəbul olunmuş qanunvericilik, eləcə də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər, elektron hökumət platformaları – “mygov”, “digital.bridge” Milli Məlumat Mübadiləsi Sistemi, Rəqəmsal Sənəd Dövriyyəsi, SİMA rəqəmsal həllər platforması haqqında məlumat təqdim olunub. Həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması, rəqəmsal həllərin tətbiqi və vətəndaşlara göstərilən elektron xidmətlərin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan və Kamboca arasında innovasiya ekosisteminin inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların artırılması sahələrində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.