Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır
Bakı, 15 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Azərbaycanın mənafeyi, uğurları və tərəqqisi naminə yaradılmış siyasi partiyadır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizin əldə etdiyi nailiyyətlər Azərbaycanın gələcəyinə inamımızı və ümidlərimizi daha da artırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova bildirib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Qurultayında iştirak etmək onun üçün həm qürurverici, həm də böyük məsuliyyət hissi yaradan hadisədir. Azərbaycanın inkişafı, qazandığı uğurlar və qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsi hər bir vətəndaşda qürur hissi doğurur.
Mehriban Əmrahova Azərbaycanın ən böyük tarixi nailiyyətlərindən birinin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər olduğunu deyib: "Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı, ordumuzun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti tarixi Qələbəmizi təmin edib. Dövlətimizin başçısının rəhbərliyi ilə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik ölkəmizin gücünü bütün dünyaya göstərib".
Şəhid anası Vətən müharibəsində iştirak edən oğullarımızın torpaqlarımızın azadlığı uğrunda böyük qeyrət və fədakarlıq göstərdiklərini qeyd edib. Şəhidlərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu vurğulayaraq, onların ruhuna rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.